Oqtay Eloğlu” ilə görüş

 

 

Noyabrın 29-da Cabbarlı dramaturgiyası pərəstişkarlarını çoxdan bəri Azərbaycan səhnəsində görünməyən “Oqtay Eloğlu” ilə görüş gözləyirdi. Gənc Tamaşaçılar Teatrında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə Şamxal Novruzludur.

Cəfər Cabbarlı “Oqtay Eloğlunu 1922-ci ildə qələmə alıb. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş – ziyalı təəssübkeşliyini ön plana çəkib. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. O, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir. Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur.

Müəllif Oqtayı teatr fədaisi kimi təqdim edir. O, xalqının maariflənməsi, cəhalətdən qurtulması, Avropa dəyərlərinə yaxınlaşması yolunun milli teatrdan keçdiyini düşünür. Buna görə də milli teatr yaratmaq Oqtay üçün bir ideala, həyat amalına çevrilir. Mövhumatın, geriliyin hakim kəsildiyi cəmiyyətdə bu heçasan deyil. İnsanlar teatrı qiymətləndirmir, müsəlman qadınları çadra altında gəzir, səhnəyə çıxmağa cürət etmirlər. Daha acınacaqlı cəhət isə odur ki, Oqtayın çalışdığı teatr truppasında da Mazandaranski, Şalıqulu, Şəkinski, Xaspolad kimi əslində teatrdanmilli təəssübkeşlik hissindən uzaq adamlarla əhatə olunub. Lakin bütün bunlar Oqtayı tutduğu yoldan geri döndərə bilmir. Oqtay müəyyən mənada müəllifin prototipidir. Dramaturq teatrla bağlı düşüncələrini sevə-sevə yaratdığı səhnə fədaisi Oqtayın dilindən ifadə edib.

Tamaşada xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı və başqaları rol alıblar.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.5.