Ölkəmiz Ankarada sərgi-yarmarkada təmsil olunub

 

 

Dekabrın 1-də Türkiyə Xarici İşlər Nazirliyi əməkdaşlarının həyat yoldaşlarının “Həmrəylik dərnəyi”nin təşkilatçılığı ilə Ankarada sərgi-yarmarka keçirildi.

Türkiyədə akkreditasiya olunan diplomatik korpusların da iştirak etdiyi tədbirdə Azərbaycan iki pavilyonla təmsil olunurdu. Hər ikisi Türkiyədəki səfirliyimizin dəstəyi ilə qurulan guşələrin biri diplomatik nümayəndəliyimiz, digəri isə Ankarada fəaliyyət göstərən “Buta Bakı” şirkəti tərəfindən təqdim edilib.

Pavilyonlarda milli mətbəximizin ləziz yeməkləri, şirniyyatları, o cümlədən ölkəmizin qida məhsulları və suvenirləri, Azərbaycan çayları, şərablar, eləcə də Naxçıvan Muxtar Respublikasından gətirilən istehsal malları nümayiş olunurdu.

Sərgi-yarmarkanın açılış mərasimində tədbir barədə məlumat verildi. Tədbirin bədii hissəsində Azərbaycan musiqiləri də səsləndi.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.8.