Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunan müsabiqə

 

 

 

Dekabrın 5-də Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan II Beynəlxalq Vokalçılar Müsabiqəsinə start verilib.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Beynəlxalq müsabiqə Azərbaycan, Bolqarıstan və Macarıstanın Ukraynadakı səfirliklərinin dəstəyi ilə keçirilir.

Truskavets şəhərinin meri Andrey Kulçinski deyib ki, M.Maqomayev təkcə Azərbaycanın deyil, bütün dünyanın sevdiyi sənətkardır. Merin sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə uğurlu layihələr həyata keçirilir. Beynəlxalq vokalçılar müsabiqəsi artıq ənənə halını alıb və gələcəkdə bu cür müsabiqələrin keçirilməsi üçün dəstək göstəriləcək.

Dekabrın 8-dək davam edəcək beynəlxalq müsabiqənin keçirilməsinə Ukraynanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Truskavets meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi və digər təşkilatlar da dəstək verir.

 

Mədəniyyət.- 2019.- 6 dekabr.- S.2.