Mədəniyyət naziri Latviya, İordaniya və İndoneziyanın səfirləri ilə görüşüb

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 4-də Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirləri ilə görüşlər keçirib.

Birgə fəaliyyət planının hazırlanması vacibdir

Nazir Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Garançs ilə görüşdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planının işlənib hazırlanmasının vacibliyini vurğulayıb. Ölkəmizin Latviya ilə yaradıcı mədəniyyət sənayeləri istiqamətində də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.

Səfir Dainis Garançs səmimi qəbula görə nazirə təşəkkürünü bildirib və birgə həyata keçiriləcək layihələrə dəstək verməyə hazır olduğunu qeyd edib.

Mədəniyyət günləri ilə bağlı müzakirələr aparılıb

Mədəniyyət nazirinin İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehi ilə görüşündə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, qarşılıqlı film festivallarının və sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.

Nazir ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayıb.

İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək, əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirib.

İndoneziyada Leyli Məcnun filmi çəkilib

Əbülfəs Qarayevin İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Hüsnan Bey Fanani ilə görüşündə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluq ifadə edilib. Nazir bu sahədə daha geniş imkanların olduğunu bildirib.

Diplomat ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq əlavə edib ki, mədəniyyət sahəsi ilə yanaşı, digər sahələrdə əlaqələrin gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması əhəmiyyət kəsb edir.

Səfir İndoneziyada dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin Leyli Məcnun poeması əsasında filmin ərsəyə gətirildiyini geniş ictimaiyyətə çatdırılması istiqamətində hazırlıqların getdiyini deyib.

Əbülfəs Qarayev bu məsələdə nazirlik tərəfindən dəstək verilməsinə hazır olduqlarını bildirib.

Nazir hər üç diplomata fəaliyyətlərində uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2019.- 6 dekabr.- S.3.