“Şairə ithaf” rəsm müsabiqəsinin vaxtı uzadılıb

 

 

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılıb.

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə keçirdiyi müsabiqənin vaxtı 2019-cu il oktyabr ayının 15-dək nəzərdə tutulmuşdu.

Müsabiqəyə təqdim edilmiş əsərlərə mütəxəssislər tərəfindən baxış keçirilibbu ərəfədə Azərbaycan rəssamlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, bədii cəhətdən daha sanballı əsərlərin yaradılmasına nail olmaq məqsədilə müsabiqənin müddəti uzadılıb.

Birinci mərhələdə müsabiqəyə təqdim olunmuş əsərlər 2020-ci ilin aprel ayında keçirilməsi planlaşdırılan sərgidə nümayiş hüququ qazanıb.

Növbəti mərhələdə təqdim olunacaq yeni əsərlərə mütəxəssislər tərəfindən baxış keçiriləcək və sərgi üçün seçim aparılacaq. Sərgiyə çıxarılacaq bütün əsərlərə münsiflər heyəti tərəfindən baxılacaq və mükafatların qalibləri müəyyənləşdiriləcək.

Bununla əlaqədar birinci mərhələdə iştirak etmiş rəssamlardan xahiş olunur ki, əsərlərini 2019-cu il dekabr ayının 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasından təhvil alsınlar.

Əlaqə telefonu: 012 493 86 33

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.4.