Fotoqraflarımız İtaliyada keçirilən müsabiqədə iştirak ediblər

Beynəlxalq Foto Sənəti Federasiyasının (FİAP) təşkilatçılığı ilə 14-cü FİAP Klublarının Dünya Çempionatı keçirilib. İtaliyada keçirilən fotomüsabiqənin nəticələri məlum olub. Müsabiqəyə 48 ölkədən 207 fotoklub tərəfindən 4118 foto təqdim edilib. Qaydalara görə, hər bir klub 20-dək foto təqdim edə bilər.

Gilavar Azərbaycan Foto Klubu 20 fotoqrafla Azərbaycanı ikinci dəfə bu yarışmada təmsil edib. Ölkəni müsabiqədə İlqar Cəfərov, Roman İsmayılov, Arif Quluzadə, Tofiq Babayev, Rəşad Mehdiyev (AZƏRTAC), Orxan Əzimov (Mədəniyyət qəzeti), Kərim Abbasov (primetime.az), Dilavər Nəcəfov (İdman qəzeti), Ramil Zeynalov (oxu.az), Murad Orucov (Sputnik Azərbaycan), Rəsul Rəhimov (Anadolu agentliyi), Şahin Sərdarov (azvision.az), Valeri Xlızov (Azərbaycan Gimnastika Federasiyası), Vüqar İbadov (Bakı Media Mərkəzi), Nadejda Cavadova, Süleyman Süleymanlı, Nurlan Tahirli (Azərbaycan Fotoqraflar Birliyi), Məmməd Rəhimov, Əziz Kərimov və Rüstəm Məhərrəmov (müstəqil fotoqraflar) təmsil ediblər.

Səsvermənin nəticələrinə görə, Gilavar Azərbaycan Foto Klubu 318 bal toplayaraq 94-cü yerdə qərarlaşıb. İlk onluqda isə Tayvan, Böyük Britaniya, İrlandiya, Rusiya, Çinİtaliyadan olan fotoklublar yer alıb.

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.8.