Bir teatrın yaradıcılıq yolu

 

 

Qazax Dövlət Dram Teatrı

 

Azərbaycan teatrlarının tarixinə nəzər salarkən Qazax Dövlət Dram Teatrının zəngin yaradıcılıq yolu da maraq doğurur. Ötən əsrin 30-cu illərində SSRİ məkanında kollektivləşmə siyasəti başlayanda dövlət özünün ideologiyasını gücləndirmək və eyni zamanda rayon mərkəzlərində, kolxozsovxozlarda mədəni xidmətin səviyyəsini artırmaq məqsədilə müəyyən tədbirlər planı hazırladı. Bunlardan biri də Dövlət Səyyar KolxozSovxoz Teatrı yaratmaq barədə qərar idi. 1934-cü ilin əvvəllərində belə bir teatr Bakıda yaradıldı.

Teatrın prinsipinə uyğun olaraq aprelmay aylarında truppa yığılar, əsasən, birpərdəli kollektivləşməni təbliğ edən dramlardan, sosializm quruluşuna mane olan ünsürləri tənqid edən komediyalardan ibarət repertuar təsdiqlənərdi. Beləliklə, müxtəlif dram dərnəklərindən, Akademik Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının yardım heyətindən təşkil olunan truppa yeni tamaşalar hazırlayar və iyun ayında rayonlara səfərlərə çıxardılar. Səyyar teatr oktyabrın axırlarında və noyabrın əvvəllərində xüsusi əmrlə ləğv edilir və növbəti ilin yaz aylarında yenidən təşkil olunurdu. Hər dəfə də direktorun təyin olunması barədə əmr verilirsonra müqavilə əsasında aktyor heyətinin üzvlərinin işə qəbulu həyata keçirilirdi.

5 avqust 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 3649 saylı qərarı ilə Bakıdakı Səyyar KolxozSovxoz Teatrı Şəmkir rayonuna köçürüldü. Şəhərdəki alban kilsəsi təmir olunub teatrın sərəncamına verildi.

1937-1938-ci illərdə Qaryagində (indiki Füzuli rayonu), Ağdamda, Şamaxıda, Şuşada, Lənkəranda, Qazaxda, Qubada, Ağdaşda təxminən eyni ştatda Dövlət KolxozSovxoz Teatrı yaradıldı. Bu teatrların truppaları yerli həvəskarlardan, Bakı Teatr Məktəbinin (Texnikumunun) məzunlarından və Bakıda fəaliyyət göstərən aktyorların bir qisminin iştirakı ilə təşkil olunurdu.

1943-cü ilin payız mövsümündə hökumətin qərarı ilə bütün rayonlarda KolxozSovxoz teatrları ləğv olunaraq onların bazasında Dövlət Dram teatrları yaradıldı. Həmin dövrdə Gəncədə və Şəkidə Dövlət Dram teatrları artıq fəaliyyət göstərirdi.

Artıq dövlət statuslu teatrlarda Yusif Yulduz, Məcid Zeynalov, Ağəli Dadaşov, Əsəd Cəfərov kimi səriştəli rejissorlar işləyir, ya da dəvətlə müxtəlif janrlı tamaşalara quruluşlar verirdilər. Teatr məktəbi kurslarının hesabına ilbəil peşəkar aktyorların sayı da artırılırdı. Bu illər ərzində teatrlarda xalq artistləri Muxtar Avşarov, Barat Şəkinskaya, İbrahim İsfahanlı, əməkdar artistlər Rüxsarə Ağayeva, Əliheydər Həsənzadə, Vahid Əliyev, rəssamlardan Əbdülağa Kazımov, Alyoş Məmmədov və başqaları fəaliyyət göstəriblər.

1948-ci ilin sonlarında SSRİ hökumətinin qərarı ilə bütün dövlət teatrları dövlət dotasiyasından (maliyyə yardımından) azad olunaraq özünümaliyyələşdirmə sisteminə keçirildi. Nəticədə bu, bir çox teatrların ləğvinə gətirib çıxardı. Azərbaycanda da 1948-1949-cu illərdə Şuşa, Şamaxı, Ağdam, Qazax, Zaqatala, Göyçay, Ağdaş, Lənkəran, Bərdə, Ordubad, Salyan, Sabirabad teatrları, 1951-1952-ci il teatr mövsümündə Qaryagin (Füzuli) teatrı, ardınca Quba teatrı fəaliyyətini dayandırdı.

Uzun fasilədən sonra 1968-ci ildə Ağdam, 1974-cü ildə Şəki, 1973-cü ildə Lənkəran, 1988-ci ildə Qazax, 1989-cu ildə Füzuli, daha sonra isə Şuşa teatrları yenidən dövlət statusu ilə bərpa olunaraq fəaliyyətə başladılar.

Beləliklə, 40 illik fasilədən sonra, 1988-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Qazaxda yenidən Dövlət Dram Teatrı yaradıldı. Daha doğrusu, bərpa edildi. Teatr 1989-cu il mövsümündə baş rejissor, Xalq artisti Zülfüqar Abbasovun quruluşunda Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə tamaşaçıların yenidən görüşünə gəldi.

İlk səhnə quruluşu respublikanın mədəni həyatında böyük rezonans doğurdu. Qazax Dövlət Dram Teatrı öz yaradıcılıq ənənələrinə hər zaman sadiq qalaraq klassik Azərbaycan, dünyarus dramaturgiyası nümunələrinə müraciət etməklə maraqlı səhnə əsərlərini təqdim edə bilib. Bu illər ərzində teatrda Xalq artisti Zülfüqar Abbasov, Əhməd Əhmədov, Əməkdar artist Musa Eyyubov (2014-cü ildən) kimi istedadlı rejissorlar çalışmaqla maraqlı və bitkin səhnə traktovkaları ilə diqqəti cəlb edə biliblər.

Həmçinin Fərman Rzayev, Heydər Qasımlı, Ayət Həsənov, Firudin Aşurov, Tariyel Qasımov, Pəri Məmmədova teatra bədii-rəhbəri və direktoru olublar. 2001-ci il may ayından Saqif İskəndərov Qazax Dövlət Dram Teatrına rəhbərlik edir.

Saqif İsgəndərov Bakı Mədəni-Maarif Texnikumunu kütləvi tədbirlər rejissoru ixtisası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin özfəaliyyət teatr kollektivlərinin rəhbəri ixtisası üzrə bitirib. 1988-ci ildən Qazax Dövlət Dram Teatrına dəvət olunub və 2001-ci ilədək burada aktyor kimi fəaliyyət göstərib. Həmçinin rejissor kimi Elçinin “Qatil”, Ə.Orucoğlunun “Sonuncu seriya” pyeslərinə quruluşlar verib. “Azərbaycanfilm” kinostudiyasında Xalq yazıçısı Yusif Səmədoğlunun ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadənin quruluş verdiyi “Qətl günü” bədii filmində (1989) çəkilib.

Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Musa Eyyubov 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Gənc Tamaşaçılar Teatrında rejissor assistentitruppa müdiri kimi fəaliyyət göstərib. 1988-ci ildən Qazax Dövlət Dram Teatrında aktyor, musiqi hissə müdiri, sərəncamçı direktor, quruluşçu rejissor işləyib. 2014-cü ildə baş rejissor təyin edilib. 2015-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Bu gün Qazax Dövlət Dram Teatrında repertuar siyasətində bədii şura üzvlərinin fikirləri əsas götürülməklə repertuara daxil olan əsərlər daha aktualmüasir dövrümüzlə səsləşən pyeslər təqdim edilir. Teatrın səhnəsində Ə.Haqverdiyevin “Kimdir müqəssir?” (rejissor – Əməkdar artist Vidadi Əliyev), M.F.Axundzadənin “Xırs quldurbasan” (Xalq artisti Firudin Məhərrəmov), S.S.Axundovun “Tamahkar” (Əməkdar artist Loğman Kərimov), Ə.Əmirlinin “Kişi və qadın” (Xalq artisti Zülfüqar Abbasov), İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” (Əməkdar artist Musa Eyyubov), Elçinin “Cəhənnəm sakinləri” (Musa Eyyubov), C.Cabbarlının “Solğun çiçəklər” (Zülfüqar Abbasov), İ.Coşqunun “Ana laylası” (Allahverdi Musayev), Ə.Haqvediyevin “Bəxtsiz cavan” (Allahverdi Musayev), M.Bayciyevin “Toy günü ayrılıq” (Musa Eyyubov), V.Hüqonun “Edam məhkumunun son günü” (Allahverdi Musayev), İ.Fəhminin “Son reportaj” (Musa Eyyubov) kimi maraqla baxılan səhnə əsərlərinə quruluş verilib.

Yaradıcı kollektiv əslən Qazaxdan olan müəlliflərin də pyeslərinə müraciət edir.

M.Hüseynin “İntizar” (rejissor – Zülfüqar Abbasov), “Alov” (Rafiq Əliyev), V.Səmədoğlunun “Mamoy kişinin yuxuları” (Əhməd Əhmədov), “İntihar” (Musa Eyyubov), H.Qasımlının “Akademik kürəkən” (Musa Eyyubov) pyesləri bu tip quruluşlar silsiləsinə daxildir. Teatr cari mövsümdə R.Ağayevin “Bir gecənin nağılı” (rejissor Musa Eyyubov), M.Bayciyevin “Duel” (Allahverdi Musayev), K.Həsənovun “Sehrli yaylıq” (Musa Eyyubov) və A.Kamyunun “Yad” (Allahverdi Musayev) pyeslərinin yeni quruluşları ilə teatrsevərlərin görüşünə hazırlaşır.

Teatr öz tamaşalarını müxtəlif festivallarda da göstərir, III Şəki Beynəlxalq Teatr Festivalında, 2007 və 2009-cu il “Yeni Teatr” Respublika festivallarında, həmçinin 2012-ci ildə M.F.Axundzadə Festivalında iştirak edib. Kollektiv bu günlər (dekabr ayı) Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən Eksperimental Tamaşalar Festivalına da qatılıb.

Yaradıcı kollektivin üzvlərindən iki nəfər respublikanın Əməkdar artisti fəxri adını daşıyır, səkkiz nəfər Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” adına layiq görülüb. Gənc kadr potensialının yetişdirilməsinə də xüsusi diqqət ayrılır.  Teatr studiyası olmadığından gənc kadrların cəlb olunması Bakı Dövlət Universitetinin Qazax filialından və rayondakı kollecdə təhsil alan tələbələrin arzuları nəzərə alınmaqla reallaşdırılır.

Bu ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin teatrlarla bağlı imzaladığı müvafiq sərəncama əsasən, Qazax Dövlət Dram Teatrına da 100 min manat vəsait ayrılıb, teatrın yerləşdiyi binanın qrim otaqları əsaslı şəkildə təmir olunaraq yeni mebel avadanlıqları ilə təchiz edilib. O cümlədən rekvizit, kostyum və işıq sexləri tamamilə yenidən qurulub, səhnə işıqları və səs sistemləri müasir avadanlıqlarla təchiz olunub.

 

Anar BURCƏLİYEV

Teatrşünas

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.7.