25 ilin Dəlisi

Cənnət Səlimova və Şövqi Hüseynovun Nikolay Qoqolun kiçik adamına biçdiyi boy əzəmətlidir

 

Bəxtəvər başına, xoş halına, ay dəli! Niyə də yox? Bəzən deməyə cəsarətimiz çatmayan həqiqətləri məhz dəlilərdən eşitmək istəmirikmi? Yaxud da problemlər içində çapalayanda Ağıllı olub dərd çəkməkdənsə, dəli ol, sənin dərdini çəksinlər demirikmi?

Bir dəlinin xatirə dəftəri povestini Nikolay Vasilyeviç Qoqol 1834-cü ildə qələmə alıb və elə o vaxtdan ağıllıların dəli sevdasına çevrilib. Fərqli quruluşlarda, müxtəlif estetikalarda səhnədən-səhnəyə dolaşıb.

Azərbaycan teatrları da bu əsərə müraciət edib. Keçmiş Bakı Kamera Teatrının yaradıcılıq tərcümeyi-halında Dəlinin qeydləri tamaşası ayrı bir şövqlə yer almışdı. Nə bilim, bəlkə hikmət elə onun dəlisinin şövqündə, Şövqisindədi...

Kamera teatrı Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən tamaşa bu teatrın daimi repertuarında da özünə möhkəm yer eləyib, müxtəlif festivallardan mükafatlarla gəlib. Beləcə, 25 ildir ki, teatrsevərləri həqiqətin dəli dilində danışdırır.

Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan səhnə işi Əməkdar artist, mono-tamaşaların usta ifaçısı Şövqi Hüseynovun ən yaddaqalan oyunudur desək, yanılmarıq. Elə 25 illik yubileyi münasibətilə teatrsevərləri Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinə yığan tamaşa da bir aktyorun mono-oyunun 25 il necə yaşaya biləcəyini gah pıçıldadı, gah da hayqırdı.

Tamaşanın süjeti əslində çox sadə və bir o qədər də realdır. Əsər baş qəhrəmanın gündəliyindən ibarətdir. Gündəlikdə hekayələr Aksenti İvanoviç Poprişının dilindən nəql edilir. Poprişın kiçik bir Peterburq məmurudur, rəsmi şöbədə dəftərxana işçisi vəzifəsində çalışır.

Biz ilk hissələrdə qəhrəmanın öz həyatını və işini, həmçinin, əhatəsində olan insanların təsvirini izləyir və əntər yanaşmasına qəşş edirik. Çünki rəhbərindən gözətçisinə bütün prosesindəki adamları özünəməxsus təsvir edir və hər dəfə də tamaşaçını bu hoqqabazlığına güldürür.

İnandırıcı, səmimi görünən komik adamın əl-ayaq hərəkətlərinin sinxronluğunda onun daxilə dəvətinə də asanlıqla qoşuluruq: bizə müdirinin qızına olan hisslərindən danışır. İlahi, onu elə gözəl, elə zərif, elə həzin və həm də elə ehtirasla təsvir edir ki, istər-istəməz bu adamı dəli edən qadına yönəlirsən. Rejissor onu da Dəlinin qeydlərindən tökülüb qalan kağızlarda göstərir. Səhnəyə enib-qalxan qadın bədənli kağız parçaları ilə aktyorun rəqsi baxımlıdır. Eləcə də ümumən səhnəyə səpələnmiş əzik-üzük parçaların hər birindən məharətlə oyun qurması baxımlı və inandırıcı alınıb.

Biz aşiqin divanəliyinə yalnız Ah, bu qadın deyilən hiyləgər, yalançı varlıq! Onları indi daha yaxşı anlaya bilirəm. Bu günə qədər qadınların kimə aşiq ola biləcəklərini kimsə bilmirdi. Bunu ilk anlayan, onları ilk kəşf edən mənəm. Qadınlar əslində şeytana aşiqdir. Əsla zarafat etmirəm. Fiziklər, bioloqlar qadınlar haqqında Belə, belə bir varlıqlardır, filan deyə sayıqlamalı açıqlama etsələr də, həqiqət budur deyəndə inanırıq.

Tamaşaçı onun dəliliyinin təsdiqini müdirin qızının Meci adlı iti ilə danışması ilə tapır. Ardınca Mecinin digər bir itlə yazışdığı məktubları oxuyur. Hər günü də təqvim kimi çarpayısının arxasındakı divara yapışdırır. Onun sərsəmləməsinin daha bir təsviri də gündəlikdəki tarixlərdən görürük: 3 oktyabrda başlayan gündəlik 43 apreldə, özü də 2000-ci ildə başa çatır. Bu minvalla bir neçə gün sərsəmləyən, dəli olmasından başqa hər şeyə inanan qəhrəmanımız ani keçidlə tamamilə real dünyadan ayrılır: ona elə gəlir ki, o İspaniya kralıdır və fəxri qarovul ilə öz taxtına oturacaq.

Bax bu ani xarakterik dəyişməni, obrazın portret şaxələnməsini Şövqi Hüseynov elə sürətlə, elə ustalıqla edir ki, təsvirlər arasındakı rabitədə çaşqınlıq yaşayırsan. Qan-tər içində dəmir çarpayını, ümumən məhdud saydakı palata əşyalarını alt-üst edən, az sayda texniki səhnə mexanizmlərini maraqlı bir yanıltma ilə müxtəlif cür dilləndirən aktyor bir ifaçının səhnədə necə qələbəlik yarada bilməsinə də əməllicə işarə vurdu.

Tamaşanın yekun səhnələrində, xüsusən gündəliyin sonuna doğru qəhrəmanın aktyor öz xəyallarının dərininə getməsini elə real, elə biçimli oynayır ki, onun dəlixanaya düşməsini İspaniyaya gəlməsi, özünü kral elan etməsi kimi qəbul edirsən. Hətta qul-qaravaşların krallarına qarşı etinasızlığına qəzəblənirsən də

Bax bu real təsvirdən gözlənilməz olan daha bir tramplini adlayırsan. Qeydlərin sonunda onun fikirləri dağılır, sözləri bir-birindən əlaqəsiz, tam çərənləməyə keçir. Son cümləsi də belə olur: Bəs siz bilirsinizmi, Əlcəzair bəyinin burnunun altında böyük bir xal varmış!.

Müəllifin əsərdə verdiyi dəlilik mövzusunu eyni zamanda üç aspektdə sosial, estetik və şəxsi bioqrafiyaya bölməklə qəhrəmanın dilindən göstərmək cəhdi rejissorun aktyorun üzərinə qoyduğu ağır yük olsa da, tamaşanın uğur açarı da məhz bundadır.

Aktyorun N.Qoqolun qəhrəmanının anormallıqlarını real bir şəkildə təsvir etməsi tamaşaçını asanlıqla, həm də uzunmüddətli təsir altına salır. Onun dəliliyinə tamamilə inanan seyrçi Şövqinin növbəti nümayişinə can atır.

İşıq və hadisənin təsvirinə xarakterik musiqinin ahəngində biz sevimli dəlimizlə sağollaşmağa başlayırıq:

Budur, göydə buludlar topa-topa yığılıb. Budur, uzaqlarda bir ulduzun parıltısı. Meşə Ayla, qaranlıqlaşan ağacları ilə sürətlə arxasından axıb gedir. Mavi sislər dağılaraq ağaclarda yayılır mən sislər içərisində bir melodiya eşidirəm... Bir yanda dəniz, bir yanda İtaliya! Budur, aşağılardan yoxsul rusların evləri görünməyə başladı. Uzaqlardan yavaş-yavaş görünən bu ev mənim evimdirmi yoxsa? Bəs pəncərənin qarşısında oturan qadın! Anamdırmı yoxsa? Əziz anam, qurtar bu qərib oğlunu! Bir gözyaşı damlası tök söndür ürəyimdəki yanğını! Bax, nələr çəkdirirlər balana! Məni qoynuna al, ana! Ona bu dünyada yer yoxdur artıq! Sənin balanı hər yerdən qovurlar. Əziz anam, bu yazıq balana heç bir mərhəmət göstərən yoxdur. Heç olmasa, barı sən mərhəmət et!...

Cənnət Səlimova Şövqi Hüseynovun yazıçının kiçik adamına biçdiyi boy əzəmətlidir. O, məğlub olsa da, bu, heç hiss olunmur. Həyəcansız, azad, rahat xoşbəxt tərəfləri gözümüzdə qəhrəmanı da, səhnə ifaçısını da, quruluşçusunu da, elə tamaşaçısını da böyüdür...

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.1;5.