Türkiyəli oxucular Nizami irsini bir daha kəşf edəcəklər

Xəmsənin türk dilində nəşrinin təqdimatı keçirildi

 

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin təbliği məqsədilə 2016-cı ildən etibarən Azərbaycan kitabının dünyada tanıdılması layihəsi həyata keçirilir.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Xəmsəsinin (Sirlər xəzinəsi, XosrovŞirin, Leyli və Məcnun, Yeddi gözəl, İsgəndərnamə) layihə çərçivəsində Türkiyə türkcəsində nəşri başa çatdırılıb. Dekabrın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yeni işıq üzü görən Xəmsənin təqdimat mərasimi keçirildi. Tədbirdə rəsmilər, tanınmış elm və ədəbiyyat xadimləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Təqdimatda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan cəmiyyətində kitaba marağı təşviq etmək məqsədilə müxtəlif layihələr, tədbirlər həyata keçirilir: Onlardan biribu il 6-cı dəfə təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oldu. Sevindirici haldır ki, Azərbaycan kitabı tək bizim oxucular tərəfindən deyil, beynəlxalq aləmdə də tanınır, müxtəlif dillərə tərcümə olunur və nəşr edilir. Bu da, təbii ki, dünyada Azərbaycan kitabına marağı artırır.

Nazir son illərdə Mədəniyyət Nazirliyi və Türkiyənin nəşriyyatları tərəfindən müxtəlif layihələrin reallaşdırıldığını da vurğuladı: Xüsusilə Zengin Yayıncılık nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu nəşriyyat Azərbaycan kitablarının Türkiyədə nəşri sahəsində böyük işlər görüb. Son illərdə nəşriyyat tərəfindən 30 müəllifin kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biribu gün təqdimatı keçirilən, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, fəlsəfəsinin zirvəsi hesab olunan dahi Nizami Gəncəvinin əsərləridir. Şairin Xəmsəsi Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan kitabının dünyada tanıdılması layihəsi çərçivəsində türk dilində nəşr edilib. Bu işlərdə əməyi keçmiş hər kəsə təşəkkür edirəm. Əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd etdi ki, iki qardaş ölkənin xalqlarını bir-birinə bağlayan ən möhkəm bağlardan biri də mədəniyyətdir: Türkiyədə klassik ədəbiyyatdan söz açarkən Nizaminin, Nəsiminin, Füzulinin adını çəkməmək mümkün deyil. Biz bu şairlərin mədəniyyətimizin ən dəyərli parçaları olduğunu bilirik. Lakin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması məqsədilə hələ çox işlər görülməlidir. 70 illik sovet dövrü bu iki xalqı bir-birindən ayırıb. Biz bir-bizimizi daha yaxşı tanımaq, daha da yaxınlaşmaq üçün keçmişimizi dərindən öyrənməliyik. Bu gün təqdimatı keçirilən Nizami Gəncəvinin Xəmsəsi də bir-birimizi yaxından tanımağa vəsilədir.

Zengin Yayıncılık nəşriyyatının direktoru Sevinc Fırat vurğuladı ki, Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq nəticəsində bu günə qədər layihə üzrə ümumilikdə 30 müəllifin 46 adda kitabı nəşr edilərək Türkiyə oxucularına təqdim olunub. Onlardan 3-ü elmi, 23-ü bədii ədəbiyyatdır, 20 adda kitab isə uşaq ədəbiyyatıdır: Nəşriyyat kitabların keyfiyyətli tərcüməsi və çapı ilə yanaşı, Türkiyədə yayılması və tanıtımına da geniş diqqət ayırıb. Kitablarla bağlı mətbuatda məlumatlar dərc olunub, videosüjetlər yayımlanıb. Eyni zamanda Türkiyənin ən nüfuzlu təhsil müəssisələrinin qarşısındakı reklam lövhələrində elanlar yerləşdirilib.

Daha sonra çıxış edən xalq yazıçıları Elçin, Afaq Məsud, Mövlud Süleymanlı, akademiklər AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Nizami Cəfərov, əsərləri türkcəyə uyğunlaşdıran Yurtseven Şen Nizami Gəncəvi dühasının zənginliklərindən söz açdılar. Şairin irsinin qardaş ölkədə təbliği yüksək qiymətləndirildi. Natiqlər belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğuladılar.

Qeyd edək ki, nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi-kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.3.