Əhməd bəy Ağaoğlunun sosial-siyasikulturoloji görüşləri

Görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, publisist, hüquqşünas, şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2019-cu il tarixli sərəncamına uyğun olaraq Bakı Xoreoqrafiya Akademiyasında (BXA) elmi sessiya keçirilib.

Əhməd bəy Ağaoğlunun sosial-siyasikulturoloji görüşləri mövzusunda tədbiri BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova açaraq mütəfəkkirin şəxsiyyəti, həyat yolu və fəaliyyətindən danışıb.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev Əhməd bəy Ağaoğlunun siyasi-ideoloji görüşləri, professor Əlikram Tağıyev Əhməd bəy Ağaoğlunun islamçılıq və turançılıq görüşləri, Mədəniyyət və İncəsənət Universitetinin professoru Mübariz Süleymanlı Əhməd bəy Ağaoğlunun kulturoloji baxışları, BXA-nın elmi katibi, kulturologiya üzrə fəlsəfə doktoru Yeganə Əliyeva Əhməd bəy Ağaoğlunun Üç mədəniyyət əsərində mədəniyyətlərarası dialoq problemi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin metodisti Fəridə Kərimova Əhməd bəy Ağaoğlunun təhsil illərinə bir nəzər və BXA-nın Sənətşünaslıq kafedrasının müdiri, professor Rafiq Sadıqov Azərbaycan teatr mədəniyyətinin təşəkkülündə Əhməd bəy Ağaoğlunun rolu mövzusunda məruzələrlə çıxış ediblər.

Elmi sessiyanın sonunda Əhməd bəy Ağaoğlu ocağının layiqli nümayəndəsi olan BXA-nın Tədris işləri üzrə prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sevda Sadıxbəyova Azərbaycan və Türkiyə ortaq tarixinin yaradıcılarından olan Əhməd bəy Ağaoğlu barədə fikirlərini bölüşüb, görkəmli şəxsiyyətə həsr olunmuş elmi sessiyaya toplanmış elm və sənət adamlarına dərin təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.3.