Moskvada azərbaycanlı şairənin yubiley axşamı

 

 

 

Rusiyada Azərbaycan diasporunun Moskva ofisində akademik Fazil Qurbanovun təşkilatçılığı ilə Afaq Şıxlının yaradıcılığına həsr olunmuş poeziya axşamı keçirilib. Həmkarları şairəni 50 illik yubileyi münasibətilə də təbrik ediblər.

Poeziya axşamının aparıcısı – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Abuzər Bağırov yubilyarın həyat və yaradıcılığından bəhs edib, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təbrik məktubunu oxuyub.

Professor Kamran Rüstəmov, Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova Afaq Şıxlını yubileyi münasibətilə təbrik ediblər. Qeyd edilib ki, şairənin yaradıcılığında tarixi Vətənə, doğma yurda sevgi hissləri xüsusi yer tutur.

Şairənin dostları və həmkarları onun rus və Azərbaycan dillərində yazdığı dostluq, məhəbbət, sədaqət mövzusunda şeirlərini söyləyiblər. Sazda ifa edilən musiqi poeziya axşamına xüsusi rəng qatıb.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.3.