Ukraynalı bəstəkarın Nəsimiyə ithafı

 

 

Ukraynanın Xalq artisti, tanınmış bəstəkar, Dövlət mükafatı laureatı Vladimir Quba “Nəsiminin əsərlərinin motivləri əsasında” adlı müəllif kompozisiyası yaradıb.

Qeyd edək ki, bəstəkar 150-dən çox ekran əsərinə musiqi bəstələyib. Onların arasında “Olesya”, “Hər yerdə səma var”, “Qayıdan təkrar sevəcək”, “Uşaqlıq illərimin çörəyi”, “Sabah dünəndən başlayır”, “Qalitski knyazı Daniil” və s. kimi bədii filmlər var.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk deyib: “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin yaradıcılığının Ukraynada təbliği ilə yanaşı, onun ölkəmizdə müxtəlif incəsənət növlərinə təsiri də çox mühümdür. Məsələn, Nəsimi poeziyasından ilham alan ukraynalı rəssamlar Boqdan Rodyuk-Çekanİnna Sautina dahi şairin əsərlərinin motivləri əsasında illüstrasiyalar silsiləsi yaradıblar. İndi isə görkəmli Ukrayna bəstəkarı Vladimir Quba Nəsiminin yaradıcılığına həsr etdiyi musiqi kompozisiyası ərsəyə gətirib. Düşünürəm ki, bu, Azərbaycan mədəniyyətinin Ukraynada tanıdılmasının əhəmiyyətini bir daha göstərir”.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.8.