Nəsimi dünya dillərində Moldovada da təqdim olunub

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən elan edilən xatirə ili çərçivəsində Moldovada tədbirlər təşkil edilib.

Paytaxt Kişineuda Nəsimi dünya dillərində mövzusunda tədbir Azərbaycanın bu ölkədəki səfirliyi, TÜRKSOY və Moldova Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Moldovadakı səfirliyimizin müşaviri Leyla Orucova, Nəsiminin şeirlərini rumın dilinə tərcümə edən T.Zegrea, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səlim Babullaoğlubaşqa qonaqlar iştirak ediblər.

Moldova Milli Kitabxanasında gerçəkləşən tədbir çərçivəsində Azərbaycan kitablarından, o cümlədən Nəsiminin əsərlərindən ibarət sərgi də təşkil olunub.

Moldova Milli Kitabxanasının direktoru Yelena Pintiley çıxış edərək qonaqları salamlayıb, Azərbaycanın mütəfəkkir şairinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.

TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı təşkilatın Anım ili layihəsi çərçivəsində hər il türk dünyası mədəniyyətində, incəsənətində və ədəbiyyatında böyük iz qoymuş şəxsiyyətlərin xatirəsinin yad edildiyini, irsinin təbliğ olunduğunu diqqətə çatdırıb. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının türk mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biridir: Böyük şairin elmi-fəlsəfi düşüncəsinin əks olunduğu ədəbi irsi qədim köklərə malik olan türk mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutur. Nəsiminin şeirləri müxtəlif dillərdə yayılaraq oxunub.

Tədbirdə Nəsimi şeirlərinin on beş dilə tərcümələrinin yer aldığı və TÜRKSOY tərəfindən nəşr olunan İmadəddin Nəsimi dünya dillərində kitabı da təqdim edilib. B.Çakıcı deyib: Kitab türk dünyasının böyük şairinin misilsiz ədəbi irsini dünya oxucusuna tanıtmaq məqsədilə nəşr edilib. Topluda şairin rumın dilinə tərcümə edilmiş şeirlərinin də yer alması Moldova poeziyasevərlərini Nəsiminin əsərlərini oxumaları üçün yaxşı bir fürsət yaradır.

Kitab tədbirdə iştirak edən xarici ölkələrin Moldovadakı diplomatlarına, TİKA, Türk Hava Yolları təmsilçilərinə, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova təqdim edilib. Sonra diplomatlar təşəkkür çıxışları ediblər.

Tədbir çərçivəsində moldovalı rəssam Mariya Sklyarenkonun İmadəddin Nəsimiyə həsr etdiyi rəsm əsərlərinin yer aldığı Dünya sevgi ilə yaradıldı rəsm sərgisi də nümayiş etdirilib.

***

Nəsimini anma ili çərçivəsində daha bir tədbir Moldovanın Qaqauz Yeri muxtar bölgəsində Komrat Universitetində təşkil edilib. Tədbirdə TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Moldovadakı səfirliyimizin müşaviri Leyla Orucova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova üzrə nümayəndəsi Agireu Grigoriu və digərləri iştirak edib.

Leyla Orucova, Qaqauz Yeri Mədəniyyət İdarəsinin rəhbəri Marina Semionova çıxış ediblər. Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı kitabın təqdimatını edib.

Sonra Komrat Dövlət Universitetindəki TÜRKSOY guşəsi ziyarət edilib.

 

Mehparə SULTANOVA

Ankara

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.8.