Mələk bədii filmi nümayiş olunub

Dekabrın 9-da Nizami Kino Mərkəzində Mələk tammetrajlı bədii filmi nümayiş olunub. Film Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və YAP Gənclər Birliyinin dəstəyi ilə ərsəyə gəlib.

Dövlət Komitəsinin İnformasiyaanalitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, hər bir çəkilən film Azərbaycan mədəniyyətinə yeni töhfədir.

Qeyd edilib ki, filmin nümayişi Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ənənəvi Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində keçirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev ekran əsərinin yaradıcı heyətinə yeni uğurlar arzulayıblar.

Vurğulanıb ki, zorakılıq, xüsusən də qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalır. Bu hal bütün dünya ölkələrində müşahidə olunur. Ölkəmizdə gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalar əsas götürülərək bu istiqamətdə bir çox layihələr icra olunub.

Filmin prodüseri Kənan Aydın (Fərzəliyev) və quruluşçu rejissoru Elmar Məmmədov onlara dəstək verən qurumlara minnətdarlıqlarını bildiriblər.

Ssenari müəllifi Aysel Atəş Abdullazadə olan filmdə Xalq artisti Kazım Abdullayev, aktyorlar Xatirə Süleymanova, Kənan Aydın və Leyla Səlim çəkiliblər.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.5.