Cümhuriyyətin yadigarı 100 yaşlı kitab ünvanı

 

Bir kitabxananın tarixi

rubrikasında zəngin keçmişə və maraqlı ənənələrə malik olan kitabxanalarımız haqqında oxuculara məlumat verməyə davam edirik. Budəfəki yazıda bu il 100 yaşını qeyd edən Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanasının tarixinə nəzər salacağıq.

***

Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, dövlət və cəmiyyət həyatının elə bir sahəsi olmayıb ki, orada milli quruculuq işləri yönündə addımlar atılmasın. Milli hökumətin müstəqilliyin ilk günlərindən atdığı belə addımlardan bir çoxu mədəni-maarif işləri, həmçinin kitabxana işi sahəsində həyata keçirilən tədbirlərdən ibarət olub.

Fəaliyyətə başlamasından bir əsr ötən Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası da Cümhuriyyətin diqqətəlayiq yadigarlarındandır.

Bu günlərdə mədəniyyət ocağına üz tutduq. Kitabxananın direktoru Gülşən Abbasovaİnformasiya şöbəsinin müdiri Afət Zeynalova bizi qarşıladı. Kitabxananın yaranma tarixi haqqında məlumat verən müsahiblərim bildirdilər ki, 1918-ci ilin dekabrında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının Mədəni-maarif şöbəsi Bakı şəhərində azərbaycanlı əhaliyə xidmət etmək məqsədilə xalq kitabxanası açmağı zəruri saymışdı. İttifaqın bu təşəbbüsü Cümhuriyyətin Xalq Maarif Nazirliyi tərəfindən də bəyənilmiş və kömək üçün nazirliyin fondundan xeyli kitab ayrılmışdı. Bundan sonra cəmiyyət tərəfindən kütləvi kitabxana yaradılması təşəbbüsü irəli sürülür.

Lakin kitabxananın yaradılması o qədər də asan deyildi. Çünki həmin dövrdə, ələlxüsus kütləvi kitabxana üçün ana dilimizdə ədəbiyyat tapmaq çətin idi. Bəzi ziyalı və ədiblərin əlində müxtəlif vasitələrlə toplanmış kitablar vardı. Buna görə də pul verib alınan və bəzi ziyalıların hədiyyə etdikləri nəşrlərdən ibarət kitab fondu yaradılır...

Beləliklə, paytaxt Bakıda kütləvi kitabxana açılır. Bu mədəniyyət ocağının yaranmasında Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadibaşqa ədib və ictimai xadimlərin böyük qayğısı və nəcib təşəbbüsü böyük rol oynamışdı. İlk illərdə kitabxanada bir neçə yüz kitabaz sayda oxucu kontingenti var idi. Burada olan kitablar əsasən şəhərdəki Orucov qardaşları mətbəəsi tərəfindən nəşr edilən ərəb və fars dillərində islam tarixinə və müxtəlif mövzulara həsr olunmuş ədəbiyyatlardan ibarət idi.

Kitabxananın rəsmi açılışı 1919-cu ilin mart ayında gerçəkləşir. İlk dövrdə kitabxananın bir kitab saxlayıcısı, birkiçik qiraətxanası var idi. Sonralar 1200 nüsxədən ibarət fondu olan kitabxananı xalq kütləsinə tanıtmaq üçün ona böyük satirik Mirzə Ələkbər Sabirin vəfatının (1911) 10 illiyi ilə bağlı şairin adı verilir.

1920-ci ilin əvvəlində kitabxana keçmiş M.Əzizbəyov (indiki İ.Səfərli) küçəsində yerləşən 13 nömrəli binanın ikinci mərtəbəsində yerləşdirilir və hazırda bu ünvanda fəaliyyətini davam etdirir.

Onu da qeyd edək ki, 2011-ci ildən Mərkəzi Şəhər Kitabxanası Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı kimi fəaliyyət göstərir.

***

İnformasiya şöbəsinin müdiri A.Zeynalova bildirir ki, 1929-cu ildə artıq kitabxananın fondu 12300 nüsxəyə, oxucularının sayı isə 4000 nəfərə çatmışdı. Oxucuları kitabxanaya cəlb etmək və yaxşı kitabları xalq arasında yaymaq üçün kitabxananın təşkilatçılığı ilə ədəbi müsamirələr, mübahisələr, ədəbi mühakimələr keçirilirdi. Pərvanə ədəbi dərnəyi də bu məqsədlə təşkil olunmuşdu. Dərnəkdə Ə.Haqverdiyev, C.Cabbarlı, A.Şaiq, M.S.Ordubadi kimi görkəmli sənətkarlar ədəbi gəncliyə rəhbərlik edirdilər. Kitabxana qadınları da mütaliəyə cəlb etməyi qarşısına məqsəd qoymuşdu. 1922-ci ildə təşkil edilən Oxucu qadınlar dərnəyi əhəmiyyətli işlər həyata keçirirdi. 1929-cu ildə fəal qadın oxucuların yardımı ilə İçərişəhərdə yaşayan xanımlar üçün 27 evdə savad məktəbi təşkil edilmiş və yüzdən artıq qadın burada təhsil almışdı.

Mədəni-maarif ocaqlarına kadrlar hazırlamaq sahəsində də kitabxana mühüm bir missiyanı üzərinə götürmüşdü. 1938-ci ilə qədər kitabxana işçiləri hazırlamaq üçün xüsusi məktəb olmadığından kitabxana işinə təyin olunanlar ilk təcrübələrini Sabir adına kitabxanada keçirdilər. Azərbaycan kitabxanaları arasında ilk biblioqrafiya şöbəsi də 1941-ci ildə burada yaradılmışdı.

Mərkəzi Şəhər Kitabxanası 1971-ci ildə mədəniyyət işində ən yaxşı göstəricilərə görə SSRİ Mədəniyyət Nazirliyinin qərarına əsasən fəxri fərman, 1972-ci ildə Azərbaycanda kənd kitabxanalarına hamilikdə fərqlənmiş mədəni-maarif ümumittifaq baxışında mükafat qazanıb. 2014-cü ildə 95 illik yubileyi münasibətilə İlin ən yaxşı kitabxanası adına layiq görülüb.

***

Direktor G.Abbasova söhbət zamanı qeyd etdi ki, kitabxanada Azərbaycanın mədəniyyət və ədəbiyyat xadimlərinin tanıdılması məqsədilə müxtəlif tədbirlər təşkil edilib. Vaxtilə Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev kimi korifey xanəndələrin kitabxanada oxucularla görüşləri və onların ifaları, tanınmış yazıçı və şairlərlə keçirilən görüşlər oxucuların yaddaşında silinməz izlər buraxıb. Bu günkitabxana öz ənənəsinə sadiqdir. Məşhurlarla görüş layihəsi əsasında tanınmış ziyalı və yazarlarla görüşlər keçirilir. Bundan əlavə, dövlət başçısının sərəncamları ilə yubileyləri qeyd olunan ədəbiyyat və mədəniyyət xadimlərinə həsr edilən tədbirlər də maraqla qarşılanır. Kitabxana məktəb və bağçalarla da sıx əməkdaşlıq edir. Burada məktəbli oxucular arasında şeir müsabiqələri təşkil olunur, mütaliəyə marağın artırılması məqsədilə layihələr həyata keçirilir.

Həftə boyu davamlı fəaliyyət göstərən kitabxananın oxucuları 190 min nüsxəyə yaxın kitab fondundan yararlanmaq imkanına malikdirlər. Nadir fonda daxil olan 60-a yaxın kitab isə Azərbaycanın kitab abidələri siyahısında yer alır.

100 yaşını qeyd edən Mərkəzi Şəhər Kitabxanasının kollektivini və oxucularını əlamətdar yubiley münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.6.