Xalça diyarına səyahət

Milli Xalça Muzeyi Uşaq şöbəsinin 10 illiyinə həsr olunmuş festival

 

Dekabrın 7-də Azərbaycan Milli Xalça Muzeyində Xalça diyarına səyahət adlı uşaq festivalı keçirildi. Muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival Mədəniyyət NazirliyiXalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Festival Üzeyir Hacıbəylinin ev-muzeyinin nəzdində Nur uşaq xor studiyası kollektivinin (bədii rəhbər Mələk Vəlizadə) çıxışı ilə başladı.

Tədbir iştirakçılarını salamlayan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova festival haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, festivala bir ilə yaxındır hazırlıq işləri görülüb: Çalışmışıq ki, festival uşaqların yaddaşında uzun illər qalsın. 10 ildir ki muzeydə müxtəlif yaş qrupundan olan uşaqlar üçün maraqlı layihələr həyata keçirilir. Biz ildən-ilə bu şöbəni daha da inkişaf etdirir, çeşidli tədbirlər təşkil edirik. Bu gün həmin uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunur. Festivalda İran, Monteneqro, Macarıstan və Misirin ölkəmizdəki səfirlikləri də iştirak edirlər. Onlar Yeni il ərəfəsində burada öz ölkələrinin suvenirlərini, əl işlərini, kitablarını, milli yeməklərini və s. təqdim edirlər. Sərgidə sənətkarlıq nümunələrinin satışından əldə edilən vəsait sağlamlığa ehtiyacı olan uşaqların müalicəsinə xərclənəcək.

Şirin Məlikova bildirdi ki, festivalın Yeni il ərəfəsində keçirilməsi uşaqların sevincini daha da artırıb: Biz muzeydə ilk dəfə təhsil proqramı həyata keçirdik. Məqsədimiz uşaqları milli dəyərlərimizlə, milli irsimizlə daha yaxından tanış etməkdir.

Daha sonra tədbir iştirakçıları festival çərçivəsində hazırlanmış maraqlı bədii proqramı izlədilər, sərgi ilə tanış oldular.

Qeyd edək ki, iki gün davam edən tədbirdə festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunub, kukla tamaşaları, müxtəlif oyunlar göstərilib. Transformers Bumblebee şousuna tamaşa edən uşaqlar yaxşıca əylənib, müxtəlif hədiyyələr qazanıblar.

Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, Gülsam Əlillərin Reabilitasiyası İctimai Birliyimuzeyin Uşaq şöbəsinin dərnək üzvləri tərəfindən xeyriyyə satış-yarmarkası təşkil edilib.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.6.