Kukla teatrında O qadın

Dekabrın 10-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yaradıcı qadınların ideya və dəstəyi əsasında hazırlanan O qadın adlı dramatik tamaşanın premyerası olub.

Tamaşa qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəminində daha çox onların zərər çəkməsi, fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.

Cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə etirazını səhnə vasitəsilə çatdırmağa çalışan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda SultanovaAygün Aslanlıdır. Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa ediblər.

Sənədli teatr üslubunda hazırlanan tamaşa real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında səhnələşdirilib. Layihənin məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları zorakılıq faktına qarşı dəstək vermək, pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.

Tamaşada hüquq müdafiəçisi Mehriban Zeynalovanın qadın sığınacağında məskunlaşan qadınların, eləcə də gender üzrə mütəxəssislərin və psixoloqların videomüsahibələri də nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.4.