Dahi şairə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova şairin həyat və yaradıcılığından, məktəb şagirdlərinin onun şeirlərinə olan marağından danışıb.

Sonra şagirdlər A.Məmmədovanın quruluş verdiyi ədəbi-bədii kompozisiya ilə çıxış edib. Şeir, səhnəcik və rəqslərlə müşayiət olunan kompozisiyada şagirdlər şairin həyat hadisələrini və əsərlərindən götürülmüş epizodları canlandırıblar. Rəqslərin quruluşçu-xoreoqrafı məktəbin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyevadır.

Əməkdar artist Hicran Nəsirova, kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev, aktrisa və rəssam, Əməkdar artist Suğra Bağırzadə tədbirin qonağı olublar.

Tədbirdə Nəsimi filmindən parçalar nümayiş etdirilib, tanınmış qiraətçilərin lentə yazılmış qəzəl ifaları səsləndirilib.

Sonda BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev Nəsiminin həyat və yaradıcılığının müxtəlif məqamlarından bəhs edib.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.5.