Ahıska türklərinin deportasiyasının 75-ci ildönümü

 

 

Ərdoğan: “Ahıska musiqisini, folklorunu, mədəniyyətini daha çox insana çatdırmalıyıq”

 

Dekabrın 10-da Ankarada Türkiyə Prezident Administrasiyası Konqres və Mədəniyyət Mərkəzində Ahıska türklərinin deportasiyasının 75-ci ildönümü münasibətilə tədbir keçirildi. Toplantı Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Təşkilatının (YTB) və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) təşkilatçılığı ilə gerçəkləşdi.

Toplantı salonunun girişində sürgünə həsr edilmiş sərgi nümayiş etdirilirdi.

DATÜB sədri Ziyəddin Kassanov açılış nitqində Ahıska türklərinin sürgün həyatından bəhs etdi. O, eyni zamanda problemlərini daim diqqətdə saxladığına görə Türkiyə Prezidentinə təşəkkür etdi.

YTB sədri Abdullah Eren çıxışında Ahıska türkləri ilə bağlı gerçəkləşdirdikləri layihələrdən bəhs etdibununla bağlı 75 sürgün şahidinin iştirakı ilə sənədli kitab da hazırladıqlarını diqqətə çatdırdı. Bildirdi ki, bu kitabın ərsəyə gəlməsi üçün 4-5 ölkədən materiallar toplanılıb. A.Eren eyni zamanda YTB-nin Ahıska türkləri üçün təqaüd proqramından da danışdı. Bildirdi ki, qurum olaraq çox sayda Ahıska türkünün Türkiyədə təqaüdlü təhsil almalarını təmin edə biliblər.

Sonra Ahıska türklərinin həyatından bəhs edən sənədli film nümayiş etdirildi.

Toplantıda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ahıska türklərinin sürgün tarixindən danışdı: “14 noyabr 1944-cü ildə Stalin tərəfindən yüz minlərlə Ahıska türkü Gürcüstan ərazisindən zorla deportasiya olunaraq sovetlər ölkəsinin müxtəlif yerlərinə sürgün edilib. 20 mindən çox insan bu sürgün həyatında aclıqdan və soyuqdan ölüb. Çoxlarının məzar yerləri belə bilinmir”. Prezident Ərdoğan bildirdi ki, Türkiyə hər zaman Ahıska türklərinin yanındadır və onların tarixi yurdlarına dönüş tələbləri kimsəni narahat etməməlidir: “Türk coğrafiyasının müxtəlif yerlərində yaşayan ahıskalı gənclərin əcdad yurdlarını ziyarət etmələrini təmin etməliyik. Ahıska musiqisini, folklorunu, mədəniyyətini və sənətini daha çox insana çatdırmalı, təbliğ etməliyik”.

Tədbirin sonunda kollektiv şəkil çəkdirildi.

Onu da qeyd edək ki, “Ahıska sürgününün 75 illiyi” proqramı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna və Türkiyədən 30 sürgün şahidi Prezident Ərdoğanla görüşüblər.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.8.