Cavid yadigarının mədəni irsimizə yadigarları

 

 

Bəstəkarlar İttifaqında 12 cilddən ibarət “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabının və “Sözləri Hüseyn Cavidindir” adlı Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqı və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinə həsr olunmuşdu.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə tədbiri açaraq Ərtoğrol Cavidin ömür yolundan danışdı. Diqqətə çatdırdı ki, Ərtoğrol Cavid qısa ömür  yaşamasına baxmayaraq, çoxşaxəli fəaliyyəti ilə tanınıb və sevilib. Ötən əsrin 30-cu illərinin ictimai-siyasi mühiti, Cavidlər ailəsinin başına gətirilən məşəqqət və məhrumiyyətlər bu qısa ömrü bir az da gərginləşdirir. Buna baxmayaraq Ərtoğrol təhsil alır, yazıb-yaradır. O, heç zaman atasının – böyük dramaturq və mütəfəkkir Hüseyn Cavidin şöhrəti arxasından boy verməyib, öz istedadı sayəsində hörmət və rəğbət qazanıb.

Ərtoğrol Cavid 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib, sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində davam etdirib. O, eyni zamanda konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. Həmçinin gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib. Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər yazıb.

AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qeyd etdi ki, Ərtoğrol Cavid XX əsrin əvvəllərində zəngin folklor nümunələrinin toplanmasında, sistemləşdirilməsində və tədqiqində diqqətçəkən xidmətlər göstərib. Onun milli musiqi mədəniyyətimizin yeni yaradıcılıq nümunələri ilə zənginləşdirilməsində də əməyi olub. O, “9 variasiya”, skripka ilə fortepiano üçünPoema”, “Leylanın vəsfi” kimi romanslar, müharibə mövzusunda simfonik balladamarşlar yaradıb. Ərtoğrol Cavid rəssamlığın da  müxtəlif janrlarına  müraciət edib.

AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı Ərtoğrol Cavidin həyat yolundan, yaradıcılıq fəaliyyətindən bəhs etdi. Bildirdi ki, Ə.Cavid qısa ömründə musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. Hüseyn Cavidin ev-muzeyində onun şəxsi arxivi qorunub saxlanılır. Həmin arxivdə bu il ədibin 100 illik yubileyi münasibətilə muzeyin əməkdaşları tədqiqatlarını davam etdiriblər. Nəticədə “Ərtoğrol Cavidin musiqi əsərləri”, “Ərtoğrol Cavidin məqalələr toplusu” adlı yeni nəşrlər ərsəyə gəlib. Yubileydən əvvəlki illərdə də muzey tərəfindən “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavidçoxcildliyi, “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı nəşrlər ərsəyə gətirilib.

Tədbirdə daha sonra bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova və başqaları çıxış edərək Ərtoğrol Cavid yaradıcılığından söhbət açdılar. Qeyd olundu ki, Ərtoğrol Cavidin vaxtsız ölümü ilə Azərbaycan təkcə böyük Hüseyn Cavid yadigarını deyil, şair, nasir, dramaturq, folklorçu, musiqişünas, bəstəkar, rəssam və tərcüməçini itirib.

Çıxışlardan sonra musiqi nömrələri təqdim edildi. Beynəlxalq müsabiqə laureatı Fəqan Həsənli Ərtoğrol Cavidin piano üçün variasiyalarını, piano üçün prelüdlərini (“Çal-oyna”, “Aşıqsayağı”) ifa etdi. Elnarə Dadaşovanın Hüseyn Cavidin sözlərinə bəstələdiyi “Mənim tanrım” mahnısı Xalq artisti Elmira Rəhimovanın ifasında, Nazim Quliyevin Hüseyn Cavidin sözlərinə yazdığı “Ellər, ay ellər” əsəri isə Azərbaycan Televiziyası və Radiosu Niyazi adına simfonik orkestrin ifasında audiolent yazısında səsləndirildi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.3.