Elmi-praktik konfransda vokal ifaçılığının inkişaf yoluna nəzər salındı

 

 

Dekabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Vokalçılar Festivalının açılışına həsr olunan elmi-praktik konfrans keçirildi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə keçən konfransda ilk olaraq festivalın ideya müəllifi və bədii rəhbəri, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək konfrans iştirakçılarını salamladı.

Dekabrın 24-dək davam edəcək festivalın respublika miqyaslı bir layihə olduğunu deyən R.Qasımov musiqi bayramının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə keçirildiyini bildirdi. Qeyd etdi ki, festivalın əsas məqsədi Azərbaycan klassik musiqisinin inkişafı və təbliğ edilməsi, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır: “Azərbaycan musiqi mədəniyyəti dərin köklərə bağlıdır, zəngin xəzinəsi əsrlərlə cilalanıb, bu günümüzə gəlib çıxıb. Azərbaycan klassik vokal sənəti də mədəniyyətimizin ayrılmaz hissəsidir. Təməli böyük ifaçımız, adını musiqi tariximizə yazan SSRİ Xalq artisti Bülbül tərəfindən qoyulan bu sənət bu gündünyada yaşadılır, inkişaf etdirilir. Bülbül Şərq və Qərb mədəniyyətini – klassik oxumamilli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaradıb. Daha sonra Azərbaycanda vokal janrında səsləri heç zaman unudulmayan ifaçılar nəsli yetişdi. Biz belə zəngin mədəniyyətlə yalnız fəxr edə bilərik. Çünki bu gün yetişməkdə olan gənc nəsil həmin klassiklərin ifalarını dinləyərək öyrənir”.

R.Qasımov festivalın milli vokal ifaçılığının inkişafına töhfə verəcəyini bildirdi. Dedi ki, musiqisevərlər festivalda həm yeni nəslin nümayəndələrini, həm də artıq bu sənətdə öz sözünü demiş peşəkar klassik vokalçıların ifalarını dinləmək imkanı qazanacaqlar. Belə bir təşəbbüsün yaranması dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Xalq artistləri Xuraman Qasımova, Murad Hüseynov, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə çıxış edərək festivalın işinə uğurlar arzuladılar.

Sonra vokal sənəti ilə bağlı məruzələr dinlənildi. Xalq artisti, professor Xuraman Qasımova “Vokal musiqi tədrisinin metodikası”, sənətşünaslıq üzrə elmlər doktoru Aytən Babayeva “Azərbaycan xor musiqisinin inkişafı kontekstində vokal janrlar”, sənətşünaslıq üzrə fəlsəfə doktorları Nuridə İsmayılzadə “Azərbaycanda vokal məktəbləri”, Nərgiz Hüseynova “Azərbaycan vokal ifaçılığının tədrisinə dair mənbələr”, Jalə Qulamova “Azərbaycan vokal musiqisinin inkişaf yolları”, Mehparə Rzayeva “Azərbaycan musiqi tarixində vokaliz janrının yaranma mənbələri” mövzularında çıxış etdilər.

Konfrans vokal məktəbinin tarixi, bu günü və gələcək inkişaf yollarına dair fikir mübadiləsi ilə davam etdi.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.2.