Şəkidə Memarlar İttifaqının qış plenumu

 

 

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin qış plenumu dekabrın 14-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbir çərçivəsində  Azərbaycan memarlarının yaradıcılığını əks etdirən sərgi açılıb.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə hesabat dövründə görülən işlər haqqında məlumat verib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbir iştirakçılarını salamlayaraq plenumun Şəkidə keçirilməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, tariximilli memarlıq abidələri ilə zəngin olan Şəki 2016-cı ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə (“sənətkarlıq və xalq yaradıcılığı” mövzusu üzrə) daxil edilib. 2019-cu ilin iyulunda isə Dünya İrs Komitəsinin Bakıda keçirilən sessiyasında Şəkinin tarixi mərkəzi Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına salınıb.

Vurğulanıb ki, Şəkinin turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların və müvafiq sərəncamların icrası nəticəsində şəhər qədimliyini qoruyub saxlamaqla bərabər müasirləşir, regionun turizm potensialı daha da artır.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir  Sultanov çıxış edərək ölkəmizdə tarix-mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incilərindən hesab olunan Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi ölkəmizin mədəni həyatında böyük hadisədir.  

Plenumda Azərbaycan Memarlar İttifaqı Təftiş Komissiyasının hesabatı dinlənilib, plenumun qətnaməsi qəbul edilib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ittifaqın fəxri üzvü seçilib. Şəhərsalma və memarlıq sahəsində fərqlənənlərə qurumun fəxri fərmanları təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.4.