Vaqif Mustafazadənin ev-muzeyində xatirə gecəsi

 

 

Dekabrın 16-da görkəmli pianoçu, bəstəkar, caz-muğam janrının banisi, Əməkdar artist Vaqif Mustafazadənin (1940-1979) İçərişəhərdəki ev-muzeyində sənətkarın xatirə gecəsi keçirildi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkil etdiyi tədbirdə musiqi ictimaiyyətinin nümayəndələri, tanınmış caz ifaçıları, paytaxt muzeylərinin əməkdaşları iştirak edirdilər.

Xatirə mərasimində çıxış edən ev-muzeyin direktoru, V.Mustafazadə adına Xeyriyyə Fondunun sədri Afaq Əliyeva, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınıb sevilən cazmenin vəfatından 40 il ötdüyünü diqqətə çatdırdılar, Vaqif Mustafazadə sənəti ilə bağlı fikirlərini bölüşdülər.

Çıxışlarda caz əfsanəmizin yaradıcılıq yolu və uğurları, ölməz sənətkarın irsinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verildi. Qeyd edildi ki, Vaqif Mustafazadə Azərbaycan muğamının klassik Amerikan caz musiqisi ilə sintezinicaz-muğam janrını yaradıb. Onun musiqimizdə etdiyi yeniliklər indiyədək öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edirlər.

Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və akademiyanın müəllimi Gülsüm Eldarova Vaqif Mustafazadənin “Mart”, “Düşüncə” və digər ölməz əsərlərini ifa etdilər.

Gecənin sonunda Afaq Əliyevanın dəstəyilə buraxılmış “Vaqif Mustafazadənin caz kompozisiyaları” diskinin təqdimatı reallaşdı.

Qeyd edək ki, dekabrın 16-da – Vaqif Mustafazadənin anım günündə sənətkarın məzarı da ziyarət olunub.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.5.