Bizim Albert rəqs festivalına yekun vuruldu

 

Dekabrın 14-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyinə həsr edilmiş Bizim Albert rəqs festivalının yekun konserti keçirildi.

Festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdən öncə iştirakçılar Milli Qəhrəmanın paytaxtın Nərimanov rayonunda yerləşən abidəsini ziyarət etdilər.

Tədbiri musiqişünas Leyla Həsənova açaraq şəhidin həyat yolu haqqında məlumat verdi. Qeyd edildi ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 nömrəli məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert orduda tank komandiri olub. Ermənistanın Dağlıq Qarabağa hərbi müdaxiləsi başlayanda A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini zirehli texnikasını məhv edib. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələn Albert döyüş meydanında şəhid olub. Azərbaycan Prezidentinin 1992-ci il 7 iyun tarixli fərmanı ilə Albert Aqarunoviç Aqarunov ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları da iştirak edirdilər. Onlardan tank batalyonunun sabiq komandiri Hacı Əzimov qeyd etdi ki, yəhudi əsilli Albert doğulub-böyüdüyü Azərbaycan torpağını çox sevirdi: Ailəsinin onun İsrailə köçmək üçün vizaları var idi. Amma deyirdi ki, müharibə bitəndən sonra gedəcək. Dostlarını, yaxınlarını döyüş meydanında tək qoya bilməz. Bütün heyət onu çox istəyirdi. O, hər zaman bildirirdi ki, bu torpaqda doğulub, bura onun vətənidir.

Hacı Əzimovun sözlərinə görə, Albert Şuşa şəhərinə çıxanda hamı sanki tamaşa seyr edirmiş kimi onu izləyirdi: Albertin çox arzusu var idi. Söyləyirdi ki, müharibə qurtarandan sonra zabit olacaq. Ancaq vaxtsız ölüm onun bu arzusunun həyata keçməsinə imkan vermədi.

Mərkəzi İncəsənət Məktəbinin direktoru, Albert Aqarunovun sinif yoldaşı, Əməkdar artist Əziz Qarayusifli onunla bağlı xatirələrindən danışdı.

Mədəniyyət Nazirliyi Elm tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov bildirdi ki, Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir Azərbaycan xalqı onun qəhrəmanlığını heç vaxt unutmayacaq.

Daha sonra məktəbin səhnəsi rəqs kollektivlərinin ixtiyarına verildi. Təhsil Nazirliyi 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Xəzər Universiteti, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, S.Ələsgərov adına 1 nömrəli İncəsənət məktəbi F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin rəqs qrupları Azərbaycanım, Sarı gəlin, Gözəlim sənsən, Odlar yurdu s. mahnıların sədaları altında çıxış etdilər.

Sonda festivalda iştirak etmiş kollektivlərə diplomlar təqdim edildi.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.6.