Güldürən, düşündürən...

 

Ədiblərimiz haqlı olaraq qeyd edirlər ki, Komiklik həmişə gülməlidir, amma gülüş həmişə komik deyildir. Bəli, gülüş estetik məzmun daşıyanda, ictimai şüura təsir edəndə, mühakimə vasitəsinə çevriləndə məntiqli olur. Güldürərək düşündürməksə yalnız peşəkarlara məxsusdur.

Azərbaycan teatrkino sənətində şərəfli yer tutan, fitri istedadı ilə qəlbləri ovsunlayan, tamaşaçını düşünərək gülməyə, gülərək də düşünməyə vadar edən unudulmaz aktrisalarımızdan biri də Əməkdar artist Münəvvər Kələntərlidir. Onun uğurlu səhnə obrazları, koloritli ekran rolları məhz həyata sevgisindən, insanlara səmimiyyətindən, sənətə olan hörmətindən mayalanıb, ərsəyə gəlib. Bacarıq və istedadını bütünlükdə sənətə sərf edən görkəmli aktrisa müsbət fərdi keyfiyyətlərinə görə insanların sevgisini, istedadına, sənət duyumuna görə isə çoxsaylı tamaşaçı rəğbətini qazanıb. Ədəbi əsərlərin ideya və məzmununa uyğun olaraq yaratdığı xarakterlərin fonunda ekran əsərlərinə uğur qazandırıb, çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olub.

Sevgi övladı

Səhnəmizin və kinomuzun sevimlisi olan Münəvvər Səməd qızı Kələntərli 1912-ci il dekabrın 21-də Lənkəranda anadan olub. Üç oğul, iki qız atası olan Səməd kişi bu dəfə də qız övladının dünyaya gəlməsinə çox sevinib. Dövrün mövcud olan mövhumatçılıq mühitində bu kimi hallara nadir ailələrdə rast gəlinərdi. Bu isə belə bir mehriban ailə başçısı olan ailədə doğulan körpənin bəxtinin gətirməsi demək idi. Bu mənada qayğı ilə əhatələnən fidanı sevgi övladı adlandırmaq olar. Səməd kişi yeni doğulan körpəyə xeyir-duasını verərək onu Münəvvər (nur çöhrəli) adlandırıb. Sevgisini, qayğısını digər uşaqları kimi ondan da əsirgəməyib. Ümumiyyətlə, ailəsinə qarşı daim diqqətli olan, məhəbbətini əsirgəməyən Səməd kişini sadə, səmimi insan kimi xatırlayırlar. Atanın bu cəhətləri övladlarına da təsir etmişdi. Gələcəyin peşəkar aktrisası kimi tanınan Münəvvər Kələntərlinin ailəsindəki səmimiyyət, xoş ünsiyyət, insanlara sevgi, hörmətlə yanaşmaq onun həyat və sənət yolunda, demək olar ki, yaşıl işıq yandırıb. Bu mənada uğurun xarakterlə bağlılığı çoxdur deyə bilərik. Aktrisanı sənətindən əlavə bir şəxsiyyət kimi də ətrafdakılara sevdirən əsas səbəblərdən birionun müsbət şəxsi keyfiyyətə malik olmasıdır.

Ana ürəkli xala

Münəvvər xanımın bacısı qızı Nanə Kələntərli müsahibəsində deyir: Mənim atam da, anam da tez rəhmətə getmişdi. Mən, bacılarım və qardaşım yetim qalmışdıq. Mina bizə analıq eləyib. O, əsl ana ürəkli xala idi. Biz ona Mina deyirdik. O, çox mehriban qadın idi. Bu xüsusiyyət ona ata anasından keçmişdi. Onun atası Səməd kişi tacir olub. Anası Pəricahan xanımsa evdar qadın idi. Üç bacı, üç qardaş idilər. Qardaşı Haşım Kələntərli dövrünün tanınmış muğam ustası idi. Digər qardaşı Məmmədhüseyn bacarıqlı çəkməçi idi, Cabbar isə İkinci Dünya müharibəsindən qayıtmamışdı. Biz sonralar da Cabbar dayıma görə çox yerə yazdıq, arxivlərə, digər respublikalara müraciət etdik, amma heç bir yerdən bizə cavab gəlmədi. Anam Humra xanım da evdar qadın idi. Xalam Xanbacı xanım ata ocağında yaşayırdı, xasiyyətcə anama, Minaya oxşayırdı, məzəli cəhətləri çox idi. Ümumiyyətlə, bu ailədə böyüyən uşaqların oxşar cəhətlərindən biri bu idi ki, sanki onların hər biri anadangəlmə komediya artisti idilər.

Mina 16 yaşına qədər Lənkəranda yaşayıb. Qardaşı Haşım bəy bacısının sənətə sevgisini görürdü. Bu onu sevindirməyə bilməzdi. Buna görə Mən bilirəm ki, Münəvvərin istedadı böyükdür, o, mütləq Bakıya getməlidir deyərək bacısının istedadını doğru səmtə istiqamətləndirir. Həmin vaxtlarda qızları ailələri səhnəyə buraxmazdılar. Ancaq Haşım bəyin sözünün qarşısında kimsə söz deyə bilməzdi. Beləliklə, Mina Bakıya gəlir.

Fərdilik - fərqlilik

Münəvvər xanımın Bakıya gəlişi onun həyat sənət missiyasını daha da zənginləşdirib. Həmin vaxtlarda Azərbaycan səhnəsində aktrisaların az olması səhnə kino sənətinin inkişafını ləngidir, qadın obrazlarının qıtlığına səbəb olurdu. Sənətə bütün varlığı ilə bağlı olan Münəvvər xanım min bir əziyyətlə təşəkkül tapan Azərbaycan teatr kino sənətinin insanlar üçün qədər böyük önəm daşıdığının fərqinə varır, sonralar opera operetta tamaşalarında oynadığı rolları həyat hadisələrinin şərhi kimi təqdim edirdi.

1933-cü ildən o, Haşım bəyin təklifi, bəstəkar Müslüm Maqomayevin dəvəti ilə Azərbaycan Dövlət Opera Balet Teatrının xor qrupuna işə götürülüb. Burda bir müddət işlədikdən sonra sənət yolunu Musiqili Komediya Teatrından salıb. Teatrın səhnəsində O olmasın, bu olsunda Sənəmi, Arşın mal alanda Cahan xalanı, həmçinin bir sıra tamaşalarda məzmunlu, koloritli rollar yaradıb. Azərbaycan qadınının tipik cəhətlərini, mülayim, zəhmətkeş, yeri gələndə sərt, bəzənsə qayğıkeş xüsusiyyətlərini dolğun real çalarlarla tamaşaçıya çatdırıb. Nanə Kələntərlinin müsahibəsindən: Mina sənətdə çox aktrisaya, o cümlədən görkəmli sənətkar Nəsibə Zeynalovaya yol göstərib. Nəsibə xanım böyük sənətkar idi. Bununla belə həmişə deyərdi ki, Mina sənətdə mənim müəllimimdir.

Münəvvər xanım 17 yaşından etibarən böyük sevgi şövqlə sarıldığı sənətini yüksək səviyyədə təbliğ edib. Fərdi cəhətlərinə istinadən sənətdə fərqlilik nümayiş etdirib. Cəmiyyətin, eləcə teatr ictimaiyyətinin rəğbətini qazanıb, sənətdə göstərdiyi xidmətlərə görə respublikanın Əməkdar artisti (1959) fəxri adına layiq görülüb.

Nisgilli seçim

Məslək , ailə insan həyatının ayrılmaz hissəsidir. Amma neyləyəsən ki, taleyin ziddiyyətli məqamları, xoşbəxtliyin tamlığına rəvac vermədiyi qısqanc anları da var. Xoşbəxtliyini tamamlayacaq həyat sevincini bəzən paralel yaşamaq mümkün olmur. Edilən seçim isə qəlbdə bir ömür nisgil yaşadır. Sənət sevincini taleyinin boyuna biçən Münəvvər xanıma, təəssüflər olsun ki, ailə xoşbəxtliyini tam yaşamaq qismət olmayıb. O, Qusar rayonundan olan Ənvər adlı gənclə ailə qurub. Onların Validə adlı qızları dünyaya gəlib. Mehriban xanım, qayğıkeş ana daim ailə dəyərlərini uca tutsa da, Ənvər bir müddət sonra ya ailə, ya səhnə deyə onu çətin bir seçim qarşısında qoyub. Münəvvər xanım da xoşbəxtliyindən pay istəyən taleyinə boyun əyməklə həyatının mənası, nicatı bildiyi sənətini seçməli olub. Ənvərdən ayrıldıqdan sonra isə bütün həyatını sənətinə yeganə qızı Validəyə həsr edib.

Kinonun gətirdiyi xoşbəxtlik

Teatr aktyorlarının kinoya gəlişi çox vaxt uğurlu olub. Kino da öz növbəsində onları məşhurlaşdırıb, tamaşaçı auditoriyasını genişləndirib. Kino Münəvvər Kələntərlinin sənət xoşbəxtliyini artırıb. Aktrisanın kinoda ilk işi dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında çəkilən Arşın mal alan kinokomediyasındakı Cahan xala obrazıdır. O, bu rola 32 yaşında çəkilib. Film ekranlara çıxdıqdan (1945) sonra dünyanın 150-dən artıq ölkəsində nümayiş etdirilib. Bu uğurun əldə edilməsində yaradıcı heyətlə bərabər Münəvvər xanımın da böyük zəhməti var. Müharibə illərində çətin həyat şəraiti yaşayan yaradıcı heyətin filmi böyük sevgi həvəslə ərsəyə gətirməsi, obrazların mövqeyini səmimiyyətlə təqdim etməsi ekran əsərinin koloritini artırıb, uzunömürlü edib. Filmdə maraqlı, incə ştrixlərlə işlənmiş məntiqli nüanslar çoxdur. Cahan xala maddi cəhətdən təmin olunsa da, təkliyi onu sıxır. Dövrün qanunsuzluqları, qadınların bir çox hüquqlardan məhrum olması onun da taleyinə boyun əyməsinə səbəb olub. Amma onun da xoşbəxt olmağa haqqı var. Bəs, görəsən, biçarə qadının mühiti, köhnəlmiş adət-ənənələr ona yenidən ailə həyatı qurmağa, tənhalığın daşını atmağa imkan verəcəkmi? Cahan xala həyatın girdabında əriməmək, tək qalmamaq üçün ailə qurmaq istəyini gerçəkləşdirməyə can atır. Soltan bəylə olan görüşü zamanı, eləcə onunla olan dialoqunda onun dəyişdiyini, sakit, kədərli xanımın əslində həyat sevgisi ilə dolu olduğunu görürük. İnsanları parçalanmağa, təklənməyə qoymayan ailə tamlığı filmdə ali, vacib nüans olaraq qabardılıb. Münəvvər Kələntərlinin Cahan xala rolunu böyük şövq yaşarı oynaması maraqlı ekran surətinin yaranmasına səbəb olub. Beləcə, hər bir rolun fərdiliyi fərqliliyi koloritli ekran əsərlərinin sevilməsinə, onilliklər sonra belə qəlblərdə iz salmasına imkan verib. Elə buna görə 1946-cı ildə filmin yaradıcı heyəti (yeddi nəfər), o cümlədən Münəvvər Kələntərli SSRİ Dövlət mükafatına layiq görülüb.

Münəvvər xanım ardıcıl olaraq 10 filmdə maraqlı, məzmunlu obraz yaratmağa müvəffəq olub. Aktrisanın ironik ifası, hadisələri dərindən duyma bacarığı, kameranın hərəkətinə məqamında həssaslıqla cavab vermə qabiliyyəti rolların nailiyyətinə imza atıb.

Keyfiyyətli komediya müsbət idealları, ən başlıcası isə ləyaqət hissini vurğulayır, təsdiq edir. Sözügedən xüsusiyyətlərə zidd olan həyat hadisələrini, insan xarakterlərini tənqid edir, gülüşlə qınayır. Həyatda nikbin, xoşxasiyyət olan aktrisanın daxili plastikası, istedad və bacarığı onun daha çox kinokomediyalarda rol almasına səbəb yaradıb. Bu mənada Bəxtiyar kinokomediyasında Gülzar xala, O olmasın, bu olsunda yengə, Kazbek qutusunda Məmişovun arvadı, Əmək və qızılgül filmində yaratdığı Sonu obrazlarını təkcə aktrisanın yox, ümumilikdə milli kinomuzun uğuru hesab edirik. Görüş kinokomediyasındakı Münəvvər, Qızmar günəş altında filmindəki Gülbahar nənə, Onun böyük ürəyi filmindəki Səmayənin yoldaşı obrazları isə fərqli xarakterə, düşüncəyə malik personajlardır.

Müasirimizə çevrilən ekran obrazlarının inandırıcı olmasına rəvac verənsə hadisələrin mühitini qavrayan, dərindən duyan aktrisanın obrazların psixologiyalarına uyğunlaşdırdığı parlaq və qabarıq xarakterlərdir. Bu mənada Münəvvər xanım başdan-ayağacan milliliklə, məhəbbətlə, səmimiyyətlə yoğurulmuş xarakterlər ustası idi. Onun məhz sənətə olan sevgisi və dərin bilgisi rolların inandırıcı, orijinal, real alınmasına, sənətində şəxsiyyətini, şəxsiyyətində də sənətini xatırlatmasına səbəb olub.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.1;7.