Kölndə Qara Qarayevə həsr olunmuş tədbir

 

Dekabrın 13-də Almaniyanın Köln şəhərindəki Sankta Klara kamera musiqisi zalında böyük Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş Qara Qarayev ölməz düha adlı konsert proqramı keçirilib.

Tədbir Köln şəhərinin Mədəniyyət şöbəsinin, Alman-Azərbaycan Forumunun dəstəyi və Avropa Əməkdaşlıq Forumunun təşkilati yardımı ilə reallaşıb.

Konsertdə Alman-Azərbaycan Forumunun mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samirə Patzer-İsmailova çıxış edərək Qara Qarayevin yaradıcılığından bəhs edib.

Azərbaycanlı və alman musiqiçilər Əməkdar artist Elnarə İsmayılova (piano), Anar İbrahimov (skripka), Martin Lindsej (vokal) Qara Qarayevin kamera-instrumental əsərlərini ifa ediblər. Proqramda Qara Qarayevin seçilmiş prelüdləri, Don Kixot simfonik qravüralarından parçalar, skripkafortepiano üçün sonata, Yeddi gözəl baletindən parçalar, bəstəkarın Aleksandr Puşkinin sözlərinə bəstələdiyi iki romansı və başqa əsərləri səsləndirilib.

Tədbirdə Köln şəhəri Mədəniyyət şöbəsinin müdiri Kristof Müller, WDR radioteleviziya şirkətinin nümayəndəsi, Qara Qarayev musiqisinin yazıldığı disklərin prodüseri Bernhard Valerius, Köln Musiqi Akademiyasının prorektoru Tilman Klaus, qiraətçi sənətkar Peter Tonqer, Köln Musiqi Akademiyasının dekanı Brigitte Lindner, azərbaycan diasporununalman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Eyni zamanda tədbirdə Köln şəhərində yaşayan rəssam Marqarita Kərimova-Sokolovanın Qara Qarayev musiqisinə həsr etdiyi rəsm əsəri, pianoçu Elnarə İsmayılovanın Qara Qarayevin fortepiano əsərlərindən ibarət olan və Almaniyanın WDR şirkətinin dəstəyi ilə yazılmış diski, daha sonra Almaniyanın Bellman nəşriyyatında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş Qara Qarayevin fortepiano üçün seçilmiş əsərləri nümayiş etdirilib.

Konsert Azərbaycan musiqisinin Avropada təbliğinə və iki ölkə arasında mədəniyyətlərarası dialoqun inkişafına daha bir töhfə olub.

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.8.