Fransa-Azərbaycan ədəbi əlaqələri müzakirə edilib

 

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross ilə Azərbaycanda Fransa İnstitutunun direktoru Moris Rufin dekabrın 16-da Dövlət Tərcümə Mərkəzində olublar.

Görüş zamanı iki ölkə arasında ədəbi əlaqələr, perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu il fransız dilinə çevrilərək Strasburqda nəşr edilmiş Azərbaycan ədəbiyyatı antologiyası, həmçinin Jan Anuy, Şarl Bodler, Pol Verlen, Andre Morua, Alber Kamyu, Fransua Moriak, Artur Rembo kimi tanınmış Fransa yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə Azərbaycan dilində nəşri ilə bağlı məlumat verilib.

Azərbaycan ədəbiyyatının Fransada tanıdılması və yayımı, eləcə də Fransa ədəbiyyatı ilə Azərbaycan oxucusunun tanış edilməsi istiqamətində nəzərdə tutulan layihələr müzakirə edilib.

Görüşün sonunda səfirə Dövlət Tərcümə Mərkəzinin son nəşrlərindən olan A.Moruanın Vəsiyyətnamə kitabı hədiyyə edilib.

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.8.