“Həyat sonatası” təqdim olunub

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın ilk qadın violonçel ifaçısı, BMA-nın İfaçılıq fakültəsinin dekanı, professor, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin həyat yaradıcılığından və pedaqoji fəaliyyətindən bəhs edən “Həyat sonatası” adlı sənədli filmin təqdimatı olub.

Filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, bədii rəhbəri Tahir Tahiroviç, direktoru Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyev, operatorları isə Əminə Həsənli və Anar Seyidovdur.

Akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək N.Abbaszadənin həyat və yaradıcılığından danışıb, ona yaradıcılıq uğurları arzulayıb.

N.Abbaszadə xoş təəssüratlarını qonaqlarla bölüşərək professor Fərhad Bədəlbəyliyə və bütün həmkarlarına, həmçinin “Həyat sonatası” filminin yaradıcı heyətinə təşəkkürünü bildirib.

Nəzmiyyə Abbaszadə Azərbaycanda ilk qadın simli kvartetinin yaradıcısı olaraq, uzun müddət bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. O, həmçinin dəfələrlə keçirilən respublika və beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olub. Onun tələbələri Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatıdırlar.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.2.