Şəki Xalq teatrı 60 yaşını qeyd edib

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının yaranmasının 60 illiyi qeyd edilib.

Tədbirdə teatrın bədii rəhbəri Rəşad Rüstəmovun qələmə aldığı Qulusu Əli, Sadığı Vəli, bu qırılmışın hamısı dəli tamaşası təqdim olunub.

Mərkəzin metodisti Nazilə Qaffarova teatrın keçdiyi yoldan söz açıb. Bildirilib ki, sənət ocağı 1948-ci ildə dram dərnəyi kimi, 1959-cu ildə isə Əməkdar artist Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Xalq teatrı kimi fəaliyyətə başlayıb. Ötən müddətdə teatrda tanınmış dramaturqların əsərləri tamaşaya qoyulub. 1962-ci ildə Bakıda keçirilən Xalq teatrlarının Respublika baxış-müsabiqəsində Şəki Xalq teatrı Ə.Haqverdiyevin Bəxtsiz cavan əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə 3-cü yerə layiq görülüb.

Yubiley tədbirində C.Cabbarlının Solğun çiçəklər, Ş.Qurbanovun Olmadı elə, oldu belə, S.Qədirzadənin Gülməyəsən, neynəyəsən? əsərlərindən parçalar da nümayiş etdirilib. Səbuhi xalq çalğı alətləri ansamblının təqdim etdiyi musiqi nömrələri tamaşaçıların ürəyincə olub.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.4.