Səttar TƏBİƏTİ - Təbiət SƏTTARI

 

Biri-birini büsbütün tamamlayıb, zənginləşdirib individuallaşdıran duallıq...

 

Yuxularında butalanıb yar sorağıyca səfərlənən aşiqlər haqda çox allı sözlər, güllü dastanlar eşidib-oxumuşuq. Bu yığcamnamə isə, minbir çeşnili sənət butaları dalıyca düşüb, doğal tər-təbiət gözəllərini əbədi muzey-düzey yar-varı edən bu Sənət Aşiqi haqda yazılmışların növbətisi...

Ayrıca bir bədii təbiət yaradıb getdi bu fırça şairi...

Yaşam tərzi, avtoaurası, əlahiddə məni, ustad şapalaq, batman atmacaları ilə alayıca bir ictimai xarakter OBRAZına çevrildi bu Adam...

Əyri-üyrü xətləri, çalın-çarpaz cizgiləri, frontal düzgü, talantal güzgülərilə Azərbaycan incəsənət aləminə özəl bir gül-çiçəklik saldı

Bu sənətkar...

Bənzərsiz işıq-kölgə fəndləri qoşma-gəraylı ab-havalı bəndlər...

Qəlb yaxılarıyla yapdığı yozmaları, ekspromt saçmaları seçmə poeziya misraları...

Kətan-kitablarındakı hekayətlər klassik qəzəl gözəlləri, peyzaj tablolar rəng-ahəng, təbiət-cəmiyyət, həqiqət-bədiiyyat rədifli poemalar...

Fiziki gör-görkəm əkiztayı kimi səslənən ad-soyadı da bir əlif-bey portreti; bu imza qapsamındakılar gözümüzə təbiət naturasında görmədiklərini də görsədib...

Bu dünyanın

Azərbaycan təbiətini hamıdan yaxşı, hər kəsdən gözəl çəkmiş bu sənətkarın adicə doğum tarixçəsi 15.12.1909 rəqəmləri də bəndənizdə ikili (və şübhəli) təəssürat oyadır; görəsən, böyüdükcə mədəni-mənəvi düzəni ruhsal fırçayla çiziləsi, qutsal rənglərlə boyanası, qlobal ilhamla fontanlayası bu qeyri-adi Adam cəmiyyət içrə qərib, təbiət sarıdan qəribə varlıq həmin tarixçədə anadanmı doğulub, ya təbiətdənmi?...

Bu sənət səyyahı, zinət səyyadı qız-qadın yönəli hiss-həyəcanlarını İNCƏ sənət incilərinə kətan-cananlara ithaf etdi. Həm də... yalnız nadir aşiqlərə xas olan xalis eşqlə! Məlum bir köynək yaxın deyiminə beş göynək də artıq əlavəsilə...

Bu an xəyalımda sərgilənən əsərləri üzrə kiçicik bir

Media-rapsodiya

...Kövrəklərin ürəyi Kəpəzin göz yaşları kimi leysanlanır. Pessimistlər Əbədi məşəllər, optimistlər Suraxanı atəşgahı üstə köklənir...

Xəzər gözəlinə baxanlar tellərini yan darayır, sevgi cütlükləri Qızılbənövşəyə gedən yola düşür, Axşamçağı Ordubad bağlarında əhd-peyman bağlayıb, Qudyalçay vadisində qovuşur...

Şamaxı üzümlüklərinə Vətənimin baharı mövsümü kimi göz yetirən sənət sərxoşları Əncir ağacından Payızsayağı doluxub, ayılmaq təhlükəsilə üzləşir, heyrətlərini Əfsanəvi torpaq tablosuna səpirlər...

Azərbaycan nağılının feyzindən doymayanlar bir pay Şahnabat dadıb, Qayıqlarda Neft Daşlarına üzərək, sənət təşnəliklərini söndürürlər...

Əmircana yalnız bədii ana yurdu kimi baxanlar qəflətdən ayılıb, bu qlobal tərənnümçünü məhəlliçilik lokalizminə salmaqdan çəkinirlər...

Nədən ki...

Səttar Bəhlulzadə imzası bütün gələcək möcüzələr dövründə də seçiləcək. Özü məntəqələrsiz, dairələrsiz seçkilərdə seçiləcək! Belə seçilmişlər ömrü uzunu başlarını aşağı salıb çalışar, yaradar, öncə məhəlləsini, bölgəsini, sonca ölkəsini yarıdarlar. Başlarını qaldırmağa macal tapandasa görərlər, baa, özlərini də yaradıbmışlar ki!...

Bu Adam özünü astaca-astaca yaradıb. Amma yaman yaradıb!

Fizikən çəm-çəlimsiz görsənən o can ruhən çox iri, sanballı, köklü-köməcliydi!

Ömrünün son illərində muzeylərdə, asfalt-betonlu paytaxtımızın qədim Qoburnat bağı (Filarmoniya) təbiətində görünərdi. Biz tələbələrin gözündə canlı portret kimi obrazlaşmış bu Pir olmuş hərdən ucuz çayxana-yeməkxanalara da gəlmirdi ki, stoluna stul çəkib söhbət edək, tutalım, dostları barədə özünəməxsus replikalarını eşidək. Axı, bu bənzərsizin atmacaları da (hər yeni əsəri kimi) ovqat dolu səs-küylərə səbəb olurdu!

Bu sənət qartalının qırğı gözləri bizlərinkindən uzaq düşənləri əlbəəl görərdi! Necə ki, tilovvarı barmaqları çox rəssamın fantaziya çevrəsindən iraqları zaman-zaman tovlayıb-ovlayırdı...

Sirli sir-sifətində bütöv bir cəmiyyət təbiəti bərqərardı; qaşları daim sənət hədəfli yaylar kimi çatılı. Uzun saçlarının rəngləri, fənər gözlərinin işığı, halət-siluet qarışığının şölələri ilahi bir palitra!...

Necə ki

bu Adam Vətən təbiətini çəkib-yaratdıqca qurtarmırdı, özü haqda da yazdıqca qurtarmır; xarakterindəki işıq-kölgə kontrastları, model-modul effektləri heç bir qəlibə, ənənəviçilik ip-sapına yatmır.

İlk ixtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almış, V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbula bidad-bikəs gedib ustad qayıtmış bu sənətkarın auditoriya həyat tələbələrindən bir çoxu da bir-birini əvəz edən gələcəklərdə ustada çevrilib.

Bu milli-mental kişinin ağır-uğur davranışları sənət adamları üçün məclis-mərəkə etiketlərinə çevrilib. İmpressionizm nümunələrinin bəziləri bu cərəyan banilərinin özlərini belə heyrətə gətirib...

Bunların harmoniyasından bütöv bir sənətkar şəxsiyyəti yaranıb ki, özü saysız yazı-kitab-kadrlarda, irsindən nümunələr dünyanın möhtəşəm muzeylərində yaşamaqda.

Və...

bu dünyaya yalnız ailə-övlad yaradıcılığı, o dünyaya son kimi baxanlar elə zənn etməsinlər ki, bu qədər sənət zürriyyətlərinin atası Səttar Bəhlulzadə sonsuz getdi! Kimin buna şəkki varsa, onun vəfalı və səfalı ömür yoldaşına Təbiətə varıb, soruşa bilər. Əlbəttə, əgər bu əzəli-əbədi xanımın dilini Səttar ər-bəyin bildiyinin mində biri qədər bilirsə, çiçəyini-gülünü bu Aşiqin yüzdə biriycə sevirsə...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.5.