Sənət əsərlərinə yeni həyat bəxş edən rəssam

 

Bərpaçı-rəssamları təsviri sənət əsərlərinə ikinci həyat verənlər kimi qiymətləndirirlər. Həqiqətən də, boyakarlıq işləri, bir çox maddi mədəniyyət nümunələri illər ötdükcə keyfiyyətini itirir, bərpaya ehtiyac yaranır.

Azərbaycanın ilk bərpaçı-rəssamı Fərhad Hacıyev bütün ömrünü bu sahəyə həsr edərək ənənələri bu gündavam etdirilən məktəb yaradıb. Anadan olmasının 90 illiyi münasibətilə mərhum sənətkarı yada saldıq...

Fərhad İbrahim oğlu Hacıyev 1929-cu ildə Şamaxı şəhərində doğulub. Kiçik yaşlarından sənətə maraq göstərir. Orta məktəbi bitirir, həmin il Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur. 1949-cu ildə təhsilini başa vurur. 1950-1955-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda məşhur bərpaçı-rəssamlar İqor Qrabar, Viktor Filatov, Stepan Çurakov və başqalarından dərs alır.

Araşdırmalardan məlum olur ki, o, hələ tələbə ikən bu sahədə özünü sınayır və 400-dən çox əsəri bərpa edir. Drezden kolleksiyasından məşhur rəssamların yağlı boya tabloları, Novqorod, Pskov, Vladimir və digər şəhərlərdən ikonaları, Kiyevdəki Müqəddəs Sofiya kilsəsindən mozaik kompozisiyaları, Sankt-Peterburqdakı Ermitaj Muzeyindən, Moskvadakı Tretyakov qalereyasından və digər muzeylərdən əsərləri misal göstərmək olar.

Bərpaçı-rəssam 1957-ci ildə R.Mustafayev adına İncəsənət Muzeyində işə başlayır. Beləliklə, Azərbaycanda ilk mütəxəssis olaraq bərpaçılıq sənətinin əsasını qoyur. Burada yüzlərlə sıradan çıxmaqda olan sənət əsərinə ikinci həyat verir. O, Azərbaycan rəssamlarından B.Kəngərli, Ə.Əzimzadə, M.Nəvvab, M.Abbasov, M.Cavadov, T.Nərimanbəyov, T.Salahov, M.Abdullayev, rus rəssamlardan Tropin, Korovin, Borovikovski, Kandinski, Vereşşagin, Maşkov, Avropa sənətkarlarından A.Sarto, J.Düpre, Y.Stık və başqalarının əsərlərini peşəkarcasına bərpa edir.

F.Hacıyevdən söz düşəndə həm də ilk olaraq İ.Brodskinin 1912-ci ildə çəkdiyi Hacı Zeynalabdin Tağıyevin portreti tablosu xatırlanır. Mənbələrdə qeyd edilir ki, bu məşhur əsər Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra Dövlət Tarix Muzeyindən yığışdırılır və nümayişi yasaq edilir. Baxımsızlıq üzündən məhv olmaq təhlükəsi ilə üzləşən əsər rəssamın böyük səyi ilə bərpa olunaraq milli mesenatın öz keçmiş evinə - Tarix Muzeyinə qaytarılır. Əsərin bərpadan öncəki və sonrakı vəziyyətini əks etdirən fotolara baxanda bərpaçı-rəssamın böyük zəhməti aydınca görünür. Buna görə də sənətkar əsərin ikinci müəllifi hesab edilir.

1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilən bərpaçı-rəssam 1970-ci ildə UNESCO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasına (İCOM) da üzv olur.

1971-ci ildə rəssamın bərpa emalatxanası İçərişəhərdəki Bəylər məscidinə köçürülüryeni avadanlıqlarla təmin edilir. 1981-ci ildə isə bu emalatxana rəsmi şəkildə ayrıca bir quruma Respublika Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə çevrilir. F.Hacıyev mərkəzin ilk rəhbəri olurömrünün sonunadək orada çalışır.

F.Hacıyev həm də görkəmli boyakar kimi tanınıb. 1960-cı ildən yerlixarici ölkələrdə keçirilən sərgilərdə iştirak edib. Fırça ustasının Şamaxı rəsədxanasının tikintisində, Sakitlik, Görüş. Neft Daşları, Bakı ritmləri, Metronun Gənclik stansiyasının inşası, Mayaklar, Dostluq körpüsü, Muğam, Vaqif, cazbaşqa əsərləri maraq doğurur. Sənətkarın bir çox rəngkarlıq əsəri hazırda Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

Fərhad Hacıyev yaradıcılığının coşqun çağlarında 17 dekabr 1987-ci ildə, 58 yaşında vəfat edib.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.7.