Brüsseldə muğam axşamı

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ölkəmizin Belçikadakı səfirliyində muğam konserti keçirilib.

Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunan konsertdə Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zakir Əliyevin rəhbərlik etdiyi Şur instrumental ansamblı çıxış edib.

Tədbirdə Brüssel şəhərindəki diplomatik korpusun, şəhər ictimaiyyətinin və Avropadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov muğam sənətimiz haqqında tədbir iştirakçılarına məlumat verib. Azərbaycan muğamının 2008-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edən Q.Məmmədov ümumbəşəri dəyər qazanmış mədəniyyət nümunəsinin qorunub saxlanılması, dünyada təbliği və gənc nəsil arasında populyarlaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısını xüsusi vurğulayıb.

Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü İlkin Hüseynov da qonaqlara Azərbaycan musiqisinin zənginliyindən söhbət açıb.

Sonra müğənni Zakir Əliyev və onun gənc tələbəsi Mənzurə Əbdürrəhmanova Şur instrumental ansamblının müşayiəti ilə muğam parçaları və təsniflər ifa ediblər.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.8.