Dövlət qayğısı yaradıcı insanların fəaliyyətinə stimul verir

 

Dekabrın 24-də Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirildi.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı. Bildirdi ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu mütərəqqi ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir: Mədəniyyətimiz dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahənin inkişafına göstərdikləri diqqət və qayğı sayəsində mümkün olub. Mükafatların 24 dekabr tarixində Prezident İlham Əliyevin doğum günündə təqdim edilməsi ikiqat bayram ovqatı yaradır. Bu gün Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır. Dövlət tərəfindən göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir. Uzun illərdir cənab Prezidentin apardığı siyasətin avanqardında mədəniyyət xadimləri dayanır. Hər il dövlət başçısının sərəncamları ilə müxtəlif mədəni tədbirlər keçirilir, mədəniyyətimizin inkişafına töhfələr verən insanlar mükafatlandırılır.

Nazir diqqətə çatdırdı ki, bu gün mükafatlandırılan şəxslərin arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının xadimləri də yer alır. Teatra dövlət statusunun verilməsinin 100 illiyi münasibətilə cənab Prezident teatr xadimlərini müxtəlif dövlət mükafatları ilə təltif edib. Təltif edilənlər sırasında həm də musiqi xadimləri var.

Əbülfəs Qarayev qeyd etdi ki, hər il ölkə başçısının ad günü ərəfəsində milli-mədəni irsimizin dəyərli nümunəsi olan çövkən oyunu üzrə Prezident kuboku turniri keçirilir. Bu il də Şəkidəki Respublika Milli Atüstü Oyunlar Mərkəzində, Binə Atçılıq Mərkəzində yarışlar keçirilib.

Nazir bildirdi ki, bu il bütün sahələrdə olduğu kimi, ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalıb: May ayında V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, iyul ayında UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçirilib. UNESCO-nun mötəbər tədbirində Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan sarayı Dünya irs siyahısına daxil edilib. Bütün bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olub. İnanırıq ki, hörmətli Prezidentimizin uğurlu siyasəti nəticəsində biz bu tədbirləri doğma Şuşa və Qarabağımızda da qeyd edə biləcəyik.

Nazir onu da qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 20 il əvvəlkindən daha fərqli, daha sürətlə inkişaf edir: Bu cür siyasət aparmaq yalnız böyük şəxsiyyətlərə məxsusdur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti, ölkəmizi dünya miqyasında tanıtması imkan verir ki, biz bu gün ölkəmizin uğurlarından, dünya miqyasındakı nailiyyətlərindən söz açaq. BMT may ayında Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu dünya üzrə ilin möhtəşəm hadisəsi kimi dəyərləndirib. Bu o deməkdir ki, Azərbaycan dünya miqyasında öz tarixi mövqeyini qazana bilib.

Sonra mükafatlar təqdim edildi.

Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Məlik və Yalçın Adıgözəlova Şöhrət ordeni, müğənnilər Tünzalə Ağayeva, Miri Yusif, Röyaaktyor Kazım Abdullayevə Xalq artisti, Mətləb Abdullayev, Əminə Babayeva, Rəşad Bəxtiyarov və Elnar Qarayevə Əməkdar artist fəxri adları, Məsmə Aslanqızı, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Rafael Həsənov, Elxan Quliyev, Elnur Məmmədov, Hacıbaba Məmmədova Tərəqqi medalı, Bəsti Cəfərova, Məleykə Əsədova, Laləzar MustafayevaRamiz Novruza Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu təqdim edildi.

Nurəddin Mehdixanlı, Ramiz Məlik, Yalçın Adıgözəlov və digər sənətçilər Prezident İlham Əliyevin doğum günündə onlara təqdim edilən mükafatın ikiqat bayram olduğunuböyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına minnətdarlıqlarını ifadə etdilər.

Nazir bir daha ölkə rəhbərini doğum günü münasibətilə mədəniyyət işçiləri adından təbrik etdi. Vurğuladı ki, Azərbaycan dövləti və xalqı heç zaman öz mədəniyyət xadimlərinə biganə olmayıb. Bu ilin mart ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşü keçirildi. Bu görüşdən sonra mədəniyyət sahəsində çalışanlara dövlət qayğısı daha da artırıldı, bəzi teatrların statusunda dəyişiklik oldu. Əksər teatrlara, habelə yaradıcılıq ittifaqlarına vəsait ayrıldı. Nazir dedi ki, gələcəkdə teatrla, sənətin digər sahələri ilə bağlı yeni proqramlar hazırlanacaq, yeni layihələr reallaşdırılacaq.

Sonda Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzuladı və hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə təbrik etdi.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.1;2.