LOLA audiovizual yayım sisteminin təqdimatı keçirilib

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) LOLA (LoLa Low Latency Audiovisual Streaming System) audiovizual yayım sisteminin təqdimatı olub.

Təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu, Bakı Musiqi Akademiyası Avropa Elm Təhsil Şəbəkələri Assosiasiyasının (GENAT) birgə təşkilatçılığı ilə reallaşıb.

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək yeni sistem haqqında məlumat verib. Bildirib ki, bu sistem real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır bir-birilərindən uzaq məsafədə olan ifaçı musiqiçiləri onlayn bağlantı vasitəsilə bir araya gətirir. Sistem Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı üzrə EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov texnologiyanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu sistem vasitəsilə ustad dərslərinin öyrənilməsi əhəmiyyət kəsb edir: Biz bu gün distant təhsildə kifayət qədər təcrübə əldə etmişik. Təhsil Nazirliyi ilk gündən bu layihəni dəstəkləyib. Birinci layihə Estoniya ilə reallaşıb. İnanıram ki, bu istiqamətdə başqa ölkələrlə səmərəli əməkdaşlıq olacaq.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev layihənin ölkəmizdə tətbiqi istiqamətində işlərin 2015-ci ildə başlandığını deyib. Bildirib ki, hazırda ölkənin 18 universiteti yüksək texnoloji xidmətlərdən istifadə edir. O, layihənin önəmindən bəhs edərək bildirib ki, bu sistem Azərbaycanın intellektual musiqi mədəniyyətini virtual məkan vasitəsilə təbliğ etməyə geniş imkan yaradacaq.

Sonra LOLA sisteminin təqdimatı olub. Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.3.