Xalq rəssamı Kamil Nəcəfzadənin yubileyinə həsr edilmiş sərgi

 

 

Dekabrın 20-də Muzey Mərkəzində SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubileyinə həsr edilmiş sərginin açılışı oldu.

82 yaşında dünyasını dəyişmiş rəssamın xatirə sərgisi onun ailə kolleksiyasında, Azərbaycan Milli İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının saxlanclarında qorunan əsərləri əsasında təşkil edilib.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Kamil Nəcəfzadəni həm görkəmli rəssam, həm də gözəl pedaqoq kimi səciyyələndirən cəhətlərini diqqətə çatdırdı. Bildirdi ki, sənətkarın zəngin yaradıcılığı ilə yanaşı, gənc istedadlı rəssamların formalaşmasında da böyük  xidmətləri olub. Kamil Nəcəfzadənin əsərləri bu gün də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov rəssamın həyat və yaradıcılıq yolundan bəhs etdi. Qeyd olundu ki, 1929-cu il dekabrın 29-da Lənkəranda dünyaya gəlmiş Kamil Nəcəfzadə əvvəlcə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra da Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. Azərbaycanın ilk ali təhsilli kino rəssamlarından olan Kamil Nəcəfzadə “Qara daşlar”, “Bir məhəllədən iki nəfər”, “Uzaq sahillərdə”, “Ulduz”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Bir cənub şəhərində”, “Qaçaq Nəbi”, “Ad günü” və daha neçə məşhur filmin quruluşçu rəssamıdır.

Kamil müəllim yaradıcılığında təkcə kino sahəsinə qapanmayıb. Görkəmli sənət adamlarının, o dövrün tələblərinə görə əmək qəhrəmanlarının portretlərini çəkib, mənzərə janrında da maraqlı əsərlər yaradıb, teatr tamaşalarının bədii tərtibatı ilə məşğul olub. Qarabağ savaşı başladıqdan sonra rəssam Xocalı faciəsinə və şəhidlər mövzusuna həsr olunmuş süjetli lövhələr işləyib.

Mərasimdə çıxış edən rəssamın qızı, otuz ildən bəri ABŞ-da yaşayan Aynur Nəcəfzadə söylədi ki, okeanın o tayında indiyədək dörd dəfə atasının əsərlərindən ibarət sərgi təşkil etməklə Azərbaycan  rəssamlıq məktəbinin görkəmli nümayəndəsinin tanınmasına nail olub. Qeyd etdi ki, Kamil Nəcəfzadənin Bakıya həsr etdiyi bir mənzərə tablosu Vaşinqtonda, evdə sərgilənir.

Açılış mərasiminin sonunda yubilyarın oğlu, Əməkdar incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadə, babasının sənətini yaşadan nəvəsi Aysel Nəcəfzadə çıxış edərək, Kamil Nəcəfzadə ilə bağlı xatirələrini bölüşdülər, onun xatirəsinə göstərilən ehtirama görə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, sərgidə Kamil Nəcəfzadənin filmtamaşalar üçün hazırladığı eskizlər, Azərbaycan torpağının gözəlliklərini əks etdirən tabloları ilə yanaşı, xarici ölkələrə yaradıcılıq ezamiyyətləri zamanı kətana və kağıza köçürdüyü boyakarlıq və  qrafika nümunələri də yer alıb. Bu gün onun əsərləri ABŞ, Yaponiya, Rusiya, Almaniya, Fransa, Vyetnam, İngiltərə və b. ölkələrdəki muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Sərgi dekabrın 27-dək davam edəcək.

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.5.