Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq rəssamı, görkəmli rəngkar və qrafika ustası, professor Cəmil Miryusif oğlu Müfidzadə 20 dekabr 2019-cu ildə ömrünün 86-cı ilində vəfat edib.

Dekabrın 21-də Təzəpir məscidində sənətkarla vida mərasimi keçirildi. Mərasimdə mərhumun sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov çıxış edərək görkəmli sənətkarın ömür yolundan və yaradıcılığından danışdı. Qeyd edildi ki, Cəmil Müfidzadə 24 fevral 1934-cü ildə Naxçıvan MR-in Ordubad rayonunda dünyaya göz açıb. 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Diplom işi Ümumittifaq sərgisinə eksponatların yola salınması adlı rəngkarlıq əsəri olub. O daha sonra Ukraynada Kiyev Rəssamlıq Məktəbində, Xarkov Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsində təhsil alıb. Bu dəfə diplom işi kimi Neft Daşları mövzusunda rəngli ofortlar silsiləsini çəkib.

Cəmil Müfidzadə tələbəlik illərində həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak edib. Rəssamın işlədiyi Doğma düzənlər ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunub. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) Qaldırıcı kranlar təmirdə adlı ofort ilə iştirak edib.

Qalib Qasımov görkəmli rəssamın əziz xatirəsinin sənətsevərlərin qəlbində daim yaşayacağını bildirdi.

Rəssamlar İttifaqı sədrinin müavini, Xalq rəssamı, heykəltəraş Səlhab Məmmədov qeyd etdi ki, Cəmil Müfidzadə sənət yollarında daima axtarışda olub. Qrafika sənətinin fərqli texnikalarından yaradıcılıqla istifadə edərək ksiloqrafiya texnikasında Bakı albomu, Neft Daşları, Qala divarları, Parkda, Qız qalası, Xəzər üzərində axşam, Romantiklər, Damdas. əsərlər yaradıb. Rəssamın yaradıcılığında İçərişəhər silsiləsi xüsusi yer tutur. Qarışıq texnikada çəkdiyi Abşeron nefti silsiləsi 1967-1975-ci illəri əhatə edir. Azərbaycanın unikal yaşayış məkanlarından Xınalığa həsr etdiyi silsiləsi yaradıcılığında mühüm yer tutur. Rəssamın müxtəlif ölkələrə yaradıcılıq səfərləri yeni əsərlər silsiləsinin ərsəyə gəlməsinə zəmin olub. Monqolustan torpağında silsiləsindən Qobi səhrasının dəvəli mənzərələri belə dəyərli nümunələrdəndir. Rəssam Buhenvald (1965-1967), eləcə də Yaponiyaya səfərindən sonra işlədiyi Bu bir daha təkrar olmamalıdır (1982-1983) silsilələrində tarixin acı hadisələrinə yaradıcı mövqeyini bildirib.

Xalq rəssamı Arif Hüseynov həmkarı ilə bağlı xatirələrini bölüşdü. Onun gözəl insan, səmimi bir dost olduğunu dedi. Qeyd etdi ki, Cəmil Müfidzadə çox zəhmətkeş idi. Ömrünün son günlərinə kimi yaradıcılıq eşqi ilə çalışardı. Sənətinin şöhrəti erkən çağlardan respublika hüdudlarından kənarda tanınırdı. Onun Polşa, Rusiya, İran, Fransa və Türkiyə kimi ölkələrdə sərgiləri təşkil olunub. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Moskvada Şərq Xalqları Dövlət İncəsənət Muzeyində, Maksim Qorkinin mənzil-muzeyində, Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Almaniya, Fransa və digər ölkələrdə qorunub saxlanılır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Qrafika kafedrasına rəhbərlik etmiş Cəmil Müfidzadə Ofort adlı dərsliyin müəllifidir. Onun qrafika silsiləsindən Bəyaz gecələr, Şimalın adi günləri, Balıqçı adası kimi əsərlərini də qeyd etmək olar.

Cəmil Müfidzadə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Sonda mərhumun qardaşı Vasif Müfidzadə çıxış edərək mərasim iştirakçılarına minnətdarlığını bildirdi.

Sənətkar son mənzilə yola salındı.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.6.