Bakının memarlıq mənzərəsində parlaq imza

 

XX yüzilliyin birinci yarısında memarlıqda təzahür edən avanqard üslub bu sahədə mühüm hadisə hesab olunurdu. Bu sənət cərəyanı paytaxtımızın memarlığında da özünü büruzə verirdi. Həmin dövrdə Azərbaycan memarlığında yeni cığır açan sənətkarlardan biri də memarlıq tarixçisi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Sadıq Dadaşov olub.

Sadıq Ələkbər oğlu Dadaşov 1905-ci ildə Bakıda dünyaya göz açıb. Məktəb illərində rəssamlıq və memarlıqla dərindən maraqlanıb. Onu da qeyd edək ki, Sadıq Dadaşovun gənclik illəri həmyaşıdı və yaxın dostu, sonralar görkəmli rəssam kimi tanınan SSRİ Xalq memarı Mikayıl Hüseynovla birlikdə keçir. Onlar 1920-ci ildə Realnı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq şöbəsinə daxil olurlar.

Tələbəlik illərində S.Dadaşov institutun nəzdində fəaliyyət göstərən memarlıq laboratoriyasına rəhbər təyin edilir. Laboratoriyada çalışdığı zaman təkcə institutda keçirilən dərslərlə kifayətlənmir, tanınmış dünya memarlarının layihələri ilə yaxından tanış olur, bir neçə müsabiqədə iştirak edir. 1926-cı ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ilə bağlı elan edilən müsabiqədə S.Dadaşovun M.Hüseynovla birgə işlədiyi layihə birinci mükafata layiq görülür. Gənc memarlar Bakıda kitabxana və mədəniyyət sarayı mövzusunda diplom işini uğurla müdafiə edirlər. Pedaqoji kollektivin yekdil qərarına əsasən, hər iki memar institutda assistent kimi saxlanılır.

Gənc dostlar Şirvanşahlar Sarayı kompleksinin, Naxçıvan şəhərində Möminə xatın, Yusif Küseyiroğlu türbələri və Qarabağlar türbəsi yanındakı minarəli tağı, Bərdə şəhərindəki Nüşabə türbəsi və onlarla digər Orta əsr memarlıq abidəsini ilk dəfə tədqiq edirlər.

S.Dadaşov institutu bitirdikdən sonra dörd il ərzində (1929-1933) 23 tikilinin layihəsini verir. Onun 1937-ci ildə M.Hüseynovla birlikdə layihələndirdiyi Nizami kinoteatrının binası və onunla üz-üzə inşa olunmuş inzibati bina memarlığımızın klassik əsərləri kimi bu gün də yüksək qiymətləndirilir. Memar 1938-ci ildə Bakı Musiqi Akademiyasının binasını layihələndirir. Burada dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin ucaldılması, memarlıqla heykəltəraşlığın həm məzmun, həm də sənətkarlıq nöqteyi-nəzərindən bir-birini tamamlayan bitkin kompozisiya həmahəngliyi yaradır.

S.Dadaşovun memar kimi sənətinin sorağı qısa müddətdə respublikanın hüdudlarını aşır. Onun böyük yaradıcılıq nailiyyətlərindən biri (M.Hüseynovla birgə) Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) kompleksinin Azərbaycan pavilyonu idi. Bu layihəyə görə hər iki memar 1939-cu ildə SSRİ Dövlət mükafatına layiq görülür.

S.Dadaşov 1940-cı ildə həmkarı M.Hüseynovla birlikdə N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin binasını layihələndirir. Mütəxəssislər bu layihənin memarın yaradıcılığında önəmli yer tutduğunu bildirirlər.

Eyni zamanda Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısı olan görkəmli sənətkar bu istiqamətdə diqqətəlayiq əsərlər yazıb. Bakıda Azərbaycan memarlıq abidələri, Azərbaycan sovet memarlığı, Bakının Şirvanşahlar Saray ansamblı və Azərbaycan memarlığı ilə bağlı yazmış olduğu çoxsaylı elmi məqalə və konfrans materialları bu gün də etibarlı mənbə kimi əhəmiyyətini qoruyub saxlayır.

Sənətkar 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi təyin edilir. Onun fəaliyyəti yüksək qiymətləndirilir, Əməkdar incəsənət xadimi fəxri adı, Lenin, Qırmızı Əmək Bayrağı ordenləri, medallarla təltif olunur. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılan Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir.

Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə vəfat edib. O, bütün bu uğurlara 41 illik qısa ömründə nail olmuşdu. Ömür vəfa etsəydi, Azərbaycan memarlığına, bu sahənin öyrənilməsinə daha böyük töhfələr verə bilərdi

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.7.