Doğma diyar rəsm müsabiqəsinə yekun vurulub

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan TeleviziyaRadio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan Doğma diyar Respublika uşaq rəsm müsabiqəsinə yekun vurulub. Ənənəvi müsabiqə bu il Nəsimi ili çərçivəsində gerçəkləşib.

Müsabiqənin nəticələri ilə bağlı 12 yaşadək uşaqların sərgisi 25 dekabrda, 12-17 yaş arası uşaqların əl işlərinin sərgisi isə 26 dekabrda Xətai Sənət Mərkəzində keçirilib.

Yekun tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək layihə haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, vətən sevgisini təsviri sənətdə əks etdirmək bacarıqlarının inkişaf etdirilməsi, uşaqlarda bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, rəssamlıq sənətinə marağı stimullaşdırmaq məqsədilə keçirilən müsabiqəyə ölkə üzrə 1200-dən çox uşaq və yeniyetmə 2000-dən artıq əl işi təqdim edib.

Yekun sərgi üçün birinci yaş qrupu üzrə 170, ikinci yaş qrupu üzrə 180 uşağın əl işi seçilib və müəllifləri Xətai Sənət Mərkəzinə dəvət olunub. Həmçinin müsabiqədə ən çox əl işi təmsil olunan tədris mərkəzi kimi Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi Xətai Sənət Mərkəzində kollektiv sərgi keçirmək şansı qazanıb.

Sonda müsabiqədə fərqlənənlərə diplom və təşəkkürnamələr təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.2.