Onlar “mənəm” dedi...

 

 

Rəngarəng mədəniyyət layihələri ilə zəngin olan “Nəsimi ili”ndə dahi şairə ithaf edilən növbəti səhnə əsəri dekabrın 26-da Yuğ Dövlət Teatrı tərəfindən təqdim olundu. Yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış “Mənəm, mən...” tamaşası teatrsevərlərin ixtiyarına verildi.

Premyeranı rəsmilər, tanınmış sənət adamları izlədilər.

Öncə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək tamaşanın ideyası barədə danışdı. Bildirdi ki, Yuğ teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşada Nəsimi irsini, mütəfəkkir şairin şəxsiyyətini fərqli yozumlarda təfsir etməyə çalışıblar. Mistik-psixoloji dramda hürufilik anlayışı elm, eşq, ilahi yazı və övliyalıq kimi tamaşaçıya təqdim olunur.

Sonra tamaşa nümayiş olundu.

Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov fərqli zaman və məkan anlayışlarını səhnədə cəm etməklə bizi Nəsiminin dövrü, eşqi, kədəri, sevinci, həqiqəti, ölümüölümsüzlüyü ilə yenidən tanış etdilər.

Xatırladaq ki, Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşanın rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşovdur.

 

H.NİZAMİQIZI

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.2.