“Nəsimi ili”nə “İlahi” musiqi ilə möhtəşəm final

 

 

“Nəsimi ili”nin silsilə tədbirlərinin davamı olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında hazırlanmış vokal-xoreoqrafik tamaşa nümayiş olundu.

Əsər Nəsiminin qəzəllərindən ibarət kompozisiyanın təqdimatı ilə başlandı. Qəzəllərin səslənməsi xoreorafların rəqsləri ilə müşayiət olunurdu. Əsərin ilk hissələrindən geniş monitorda dağıdılmış Hələb şəhərinin təsvirləri ilə səhnədə balet ustalarının eyni səhnəni yaratmaları dağılmış şəhərlə daşların mübarizəsini nümayiş etdirmiş oldu.

Ağ-qaraboz rənglərin əhatəsində səhnədə “Ənəlhəqq” deyərək səhnəyə gələn Nəsimi bütün baş verənlərə qarşı dünyanı haqqa çağırır, ədalət deyə car çəkir... Dünən və bu gün, sülh və müharibə anlamında səhnədə baş verənlər əsərin möhtəşəmliyinə vokal, sözxoreoqrafiya ilə məxsusi çalarlar əlavə etmişdi.

Əsərin xoreoqrafik quruluşunun Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvald Smirnova həvalə olunması isə bu çalarları qabarıq büruzə verirdi. Tamaşanın baletmeysteri istedadlı xoreoqraf Ceyhun Qubadovdur.

Vokal-xoreoqrafik tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsi qaliblərinin Nəsimi eşqinə səhnədə “can qoymaları” əsərin uğurlu həllinə səbəb oldu.

“Nasimi passion” vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Qeyd edək ki, nümayişi Azərbaycan musiqi ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilən “Nasimi passion” əsərinin ilk premyerası 2017-ci ildə məşhur ingilis dirijor Martin Brabbinsun idarə etdiyi Hollandiyanın Kral Simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə “Amsterdam Royal Concertgebouw” konsert sarayında olub.

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən son illərdə müxtəlif dinlərlə bağlı (pravoslav, katolik, yəhudilik, buddizm) “İlahilər” layihəsi həyata keçirilir. Layihə çərçivəsində dünyanın müxtəlif dinlərinə məxsus görkəmli bəstəkarlara əsərlər sifariş olunur və səsləndirilir.

2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Belə bir əsərin yaradılması Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə edilibo, “Nasimi passion”u ərsəyə gətirib.

Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb. Premyeradan sonra “Nasimi passion” kompakt-diskə yazılaraq Avropanın bir sıra şəhərlərində klassik musiqi həvəskarları üçün satışa çıxarılıb. Onu da qeyd edək ki, ötən il Beynəlxalq Ağa Xan Fondu ilk dəfə musiqi sahəsində təsis etdiyi beynəlxalq mükafata Azərbaycan bəstəkarı, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadəni layiq görüb.

Tamaşada Nəsimi rolunu beynəlxalq müsabiqələr laureatı, OperaBalet Teatrının gənc solisti Taleh Yəhyayev ifa edirdi. Firəngiz Əlizadənin orkestr koloriti və aydın ifadəli xor parçası ilə zəngin olan çoxrəngli musiqisi sonadək tamaşaçıları təsirində saxladı, xüsusilə apofeozunda - şairin edam səhnəsində dahi mütəfəkkirin böyüklüyünü əks etdirdi.

Tamaşaçılar ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncənin dərin vəhdətini təşkil edən bu təsirli musiqili səhnə əsərini alqışlarla qarşıladılar.

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.2.