Qəriblikdəki məzarın fotohekayəsi

 

Qəzetimizin əməkdaşının Hələbdə çəkdiyi şəkillərin sərgisi təşkil edildi

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət qəzetinin fotomüxbiri Orxan Əzim Suriyanın Hələb şəhərinə səfər edərək, böyük çətinliklərlə də olsa, dahi şairimiz İmadəddin Nəsiminin məqbərəsinin fotolarını çəkib.

Dekabrın 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında fotoqrafın Nəsiminin məqbərəsi və Hələb şəhərinin fotolarından ibarət sərgi nümayiş olundu.

Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında sərgini Nəsimi ilinə töhfə kimi qiymətləndirdi:

Sərgi sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının hazırkı vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq.

Əbülfəs Qarayev layihənin fotomüxbirin cəsarəti nəticəsində reallaşdığını vurğuladı: Onun Suriyaya getmək cəhdləri baş tutdu, biz də Mədəniyyət Nazirliyi olaraq ona bu işdə dəstək verməyə çalışdıq. Böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək abidənin fotolarını çəkib.

Qeyd edək ki, neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış Hələb şəhərində Nəsiminin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub. Orxan Əzimin dumanlı, çiskinli, bəzən də günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.

Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin də görüntülərini çəkib. Hərbi əməliyyatlar nəticəsində 13 kilometr uzunluğunda tarixi Hələb bazarının böyük hissəsi tamamilə dağıdılıb. UNESCO-nun Dünya irs siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar isə gələcəyə ümidlidir.

Fotosərgi 27 dekabr axşamı Heydər Əliyev Sarayına Nasimi passion vokal-xoreoqrafik tamaşasına baxmağa gəlmiş sənətsevərlər, yaradıcı insanlar, ziyalılar, eləcə də gənclər tərəfindən böyük maraqla qarşılandı.

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.1;2.