Kinolentin yaddaşında qalanlar

 

 

 

2019-cu il Azərbaycan kinosu üçün bu sənətin gələcək inkişafı baxımından mühüm addımlarla əlamətdar oldu. Yeni ekran əsərləri, beynəlxalq festivallarda qazanılan uğurlar, maraqlı kino tədbirləri mədəni həyatımızı zənginləşdirdi.

Prezident İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamı kino sənayesinin tərəqqisində yeni səhifənin açılması üçün böyük stimul oldu. Sərəncamda Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması tapşırıldı, bu sahənin inkişafı üçün vəsait ayrıldı. Qeyd edək ki, kino mütəxəssislərindən, müvafiq təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi qrup tərəfindən hazırlanan konsepsiya layihəsi artıq müvafiq instansiyaya təqdim olunub.

Dövlət başçısının sərəncamı il ərzində bir neçə kino layihəsinin reallaşmasına şərait yaratdı. Bu layihələrdən biri dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədi daşıyırdı. Bu məqsədlə isə Mədəniyyət Nazirliyi tərəfindən mart ayında bədii, sənədli və animasiya filmi ssenariləri üzrə müsabiqə elan olundu. Müsabiqənin nəticəsində seçilmiş ssenarilər əsasında filmlərin istehsalı davam etməkdədir. 2019-cu ilin noyabr ayında isə növbəti bədii və animasiya film ssenariləri müsabiqəsi elan olundu ki, onun da nəticələri yanvar ayında açıqlanacaq.

***

Başa çatan il ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Daxildəki ada” tammetrajlı, “Rəqs”, “Soraq” (“Salam”), “Estakada”, “Naməlum dahi”, “Dan yeli” (“Protez”) qısametrajlı bədii filmləri kinosevərlərə təqdim olundu. Eyni zamanda “Yadelli nağıllar” (“Azərbaycan musiqisi və erməni plagiatı”) sənədli, “Salnaməfilm” studiyasında “20 Yanvar” (“Silahdaşlar”), “Memar” (Elbay Qasımzadə haqqında), “Şəki” və “Saxurlar” sənədli filmlərinin, 3D formatda olan “Cırtdan və sehrli xalat” cizgi filminin, “Mozalan” studiyasında isə “Əlvida, Şmidt!” tammetrajlı bədii filminin istehsalı başa çatdırıldı, premyeralar gerçəkləşdi. “Salnaməfilm” studiyasında “Köç” sənədli filminin, “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən növbəti filmlərin istehsalı davam etdirildi. Həmçinin “Mirzə Cəlilin Azərbaycanı”, “Yaradanlar”, “Malakanlar”, “Ləzgilər”, “Ulduzların keşikçiləri” (Rusiya ilə birgə), “Ada” sənədli filmləri, “Azanfilm” studiyasında “Oğurlanmış Bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filmləri, “Debüt” studiyasında isə “Ailəvi şəkil” qısametrajlı bədii filmi istehsala buraxıldı.

İl ərzində çoxsaylı tədris müəssisələrində, internat məktəblərində , regionlarda Milli Qəhrəmanlara həsr olunan filmlərin təqdimatı keçirildi.

İlin yaddaqalan kino hadisələrindən biri də İtaliyanın Bakıdakı səfirliyi, “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore” şirkətləri ilə birgə yanvarın 25-dən 30-dək Nizami Kino Mərkəzində İtaliya-Azərbaycan Film Festivalının keçirilməsi oldu. İtalyanın tanınmış kino ulduzlarının Bakıya səfəri əsl kino bayramı əhvalı yaratdı.

Ənənəvi olaraq qeyd edilən 2 Avqust – Azərbaycan Kinosu Günündə “Dan yeli”, “Soraq”, “Oturacaqlar” qısametrajlı bədii filmlərinin təqdimatı maraqla qarşılandı. Kino xadimləri dövlət tərəfindən mükafatlandırıldı.

Bu il həm də ötən əsrdə lentə alınan və bu gün də sevilərək baxılan milli filmlərimizin rəqəmsal formatda bərpa olunaraq təqdim edilməsi ilə əlamətdar oldu. Tofiq Tağızadənin “Mateo Falkano”, Ağarza Quliyevin “Ulduz” və Həsən Seyidbəylinin “Nəsimi” filmləri yeni formatda bərpa edilərək nümayiş etdirildi.

Yola saldığımız il həm də ölkəmizdə türk, rus və özbək kinosu həftələrinin keçirilməsi ilə yaddaşlara yazıldı.

***

İl ərzində görkəmli kino xadimlərinin yubileyləri qeyd edildi. Bu sırada Prezident İlham Əliyevin görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi haqqında sərəncamını qeyd edə bilərik. Həmçinin Niyazi Bədəlovun 110, Əjdər İbrahimovXan Babayevin 100, Məlik DadaşovŞamil Mahmudbəyovun 95, Kamil Nəcəfzadənin 90, Fikrət Əliyev və Tofiq İsmayılovun 80 illiyinin keçirilməsi Azərbaycan kinosunun inkişafında xidmətləri olan insanların gənc nəslə təbliği və ruhlarına ehtiramın ifadəsi oldu.

***

2019-cu il həmçinin ölkəmizdə keçirilən beynəlxalq kinofestivallarla da əlamətdar oldu. Mədəniyyət Nazirliyinin də dəstək verdiyi “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalı, X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı və II “Animafilm” Beynəlxalq Animasiya Festivalı təşkil olundu. Festivallarda müxtəlif ölkələrdən kinematoqrafçılar paytaxtımızın qonağı oldular, çoxsaylı ustad dərsləri, film nümayişləri təşkil edildi. Bu tədbirlər kino sahəsində təcrübə mübadiləsi üçünimkanlar yaratdı.

***

Son illər çəkilən bədii, sənədli və animasiya filmlərimiz bu il də beynəlxalq kinofestivallarda ölkəmizi təmsil edərək vətənə uğurla qayıtdılar. “Nar bağı” bədii filmi Rusiyada 15-ci Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında “Ən yaxşı aktrisa” nominasiyasında mükafat qazandı. “Çölçü” bədii filmi Hindistan, ABŞ, İtaliyaİndoneziyada, “Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda, “Balaca” qısametrajlı bədii filmi İtaliyaİranda, “Şəki” sənədli və “Mənim balaca şahzadəm” animasiya filmləri Türkiyədə festivallarda iştirak edərək mükafatlar qazandılar.

Özəl kino şirkətləri də kino sənayemizə öz töhfəsini verib. Bu il istehsal edilən 30-dan artıq film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bu sırada “Əfsanə qayıdır”,  “Məhəllə 3”, “Qeyri-adi format”, “Sonuncu pərdə”, “Qış nağılı” və s. filmləri qeyd edə bilərik.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.6.