Epik bir DRAM

 

 

Otuz dörd il doqquz aylıq ömür, yüz iyirmi illik yubiley qapsamında...

 

Hadisələr – Xızı muzeyi və Bakı (teatr-ictimai-siyasi) səhnə-məkanlarında cərəyan edir.

İştirakçılar:

Cəfər – yubilyar.

Sona xanım (“Sonası”) – həyat yoldaşı.

Gülarə – qızı.

Rəsulzadə – Cümhuriyyət təmsilçisi.

Müşfiq – ədəbi “nekroloq” müəllifi.

Səs – eks-əks-səda.

Epizodlarda – yubilyarın obrazları, muzeyçilər, NKVD-çi, çuğulçub.

 

1-ci PƏRDƏ

(1899-cu “şəkil”)

 

Xızı rayon mərkəzi. İrigörklü muzey içərisində balaca (yubilyar dövrü leksikonuyca “köhnəlik qalığı”, müasir yanaşımca – Səriyyə-Sara-Eloğlular, Almaz-Sevil-Elxanlar fəlsəfələrinin qovuşuğu olan) bir daxma. Qədim inventarlar müasirlərdən daha baxımlı, doğma, qançəkər...

SƏS: - Bu, yaxın gələcəyin bütöv Azərbaycan nəhəngini, böyük Turan sevdalısını yırğalamış bapbalaca nənni. Xəyali fonda ...bütün dövrlərdə sivil səslənəsi “Sevil”indəki babaların şipşirin cocuqnamələri; “Balama qurban inəklər, Balamvaxt iməklər, Balama qurban sərçələr, balamvaxt dirçələr”. Obaş-bubaşına iməklədiyi hücrənin eni yay gecələri, uzunluğu – qış gündüzləri qədər...

ŞƏRİF (“Almaz”dan): - Yoldaşlar, söz verilir Almaz yoldaşa – hansı ki, danışacaq bəzi-bəzi məsələlər barədə...

SƏS: - Bu daxmada daha nələr? 14-15 yaşlarından başlayaraq dünyaya açacağı poeziya-nəsr-dram-kino s. panoramlı böyük Azərbaycan pəncərəsinin zərrəciyi müqabilli əyrim-üyrüm “akoşka”lar dörd yaşında çıxıb, 35-cəsində dahi ruhu ilə qayıtdığı yonqar-yöndəmsiz taxta qapı...

BƏHRAM (“Solğun çiçəklər”dən):

- Qəhr olsun dünyanın milyonlar üstündə vücuda gələn səadəti!...

MUZEYÇİLƏRdən 1-ci: - Cəfərimiz 19-casında Cümhuriyyətimizi hamıdan öncə qutlamış...

2-ci: - Milliyyətçi Cabbarlımız sonralar o qutsal quruluşa işarətlə “Azad bir quşdum, yuvamdan uçdum” söyləmiş...

3-cü: - Fasiləsiz yazı-pozu təngnəfəsliyində məşum “37”-ni “önləyib”, dünyasını yetkin ədib nakamlığında dəyişmiş...

SƏS: - İyirminci yüzillik başlanğıcımızın bu ədəbi-mədəni dirilik dirijoru qıpqısaca bir ömür ərzində neçə-neçə gələcək dövrlər özəlləmiş. “Harda - orda baş” “parodi”silə yox, “harda milli-mədəni kəm-kəsir - orda müntəzir” kredosu ilə yaşamış. Hələ yeniyetməykən, hələ ictimai-siyasi güvənsiz, hələ aman-imansız bir zamanda hürri-Cümhuriyyət amallı şeirlərilə çıxış edib, oynaq qələm nümunələrilə o çağaqədərki “gül-bülbül”çülükdən yorğun düşmüş oxucuları əqli dirçəlişə yönəltmiş. Müəlliflərilə müştərək səviyyəli tərcüməçi, kəsərli teatr-kinoşünas, bənzərsiz kinossenarist, jurnalist-publisist, neo-mizan rejissor kimi tanınmış. Hələ ağzından (milli) süd qoxusu gəldiyi bir yaşda qosqoca dünyaya, hətta, “həmişə hər şeydə haqlı” xalqa da meydanlar oxumuş:

MARİYA (“Oqtay Eloğlu”dan): - Yox, mən Timofeyevna olaraq elan edirəm ki, bu axşam bu rolu oynamağacağam! Mən azad bir aktrisa! İstaram oynaram, istaram oynamaram! Yox, oynamağacağam!

TAMAŞAÇILAR: - Xeyr, yoldaş Marya Tumannifeyna, oynayacaqsan! Biz pul verib, bilet almışıq! Oynayacaqsan!...

OQTAY: - bağırırsan, xalq?! Aktrisan var – ver, yoxundur – sus, öl!...

 

2-ci PƏRDƏ

(virtual “şəkil”lər)

 

SƏS: - On doqquzuncu yüzilliyin son baharında doğulub, dörd yaşındaykən ailəsilə Bakıya köçmüş. Bir il sonra atasının vəfatı (deməli, dolanışıq çətinlikləri) səbəbilə anasının bişirdiyi təndir çörəklərini satmağa, 12 yaşından yazıb-yaratmağa, 16-sından səhnələr, ekranlar, direktiv kürsülər, proletarından elitarına - küll-qəlblər fəthinə başlamış. Ağlı kəsən günlərdən qəlbində apardığı Bütöv Azad Azərbaycan arzu-mübarizəsini əməlində davam etdirmiş.

GÜLARƏ: - Atamı həbs etməkçün daim pantürkizmdə günahlandıraraq məqam axtarmışlar. 1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırmış, 2-3 ay əzab-əziyyət vermiş, Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsinin əsas yer tutduğu “Ədirnə fəthi” “Ulduz” (“Trablis müharibəsi”) əsərlərinə görə amansız işgəncələrə məruz qoymuşlar. Bütün bunlardan usanıb-çəkinməyən atam heç bir dostunun adını çəkməmişdir. Tutarlı faktlar tapmasalar da, ömrünün sonunadək incitmişlər. Bəlkə onun az yaşamasına səbəb elə bu təqiblər olmuşdur.

SƏS: - Bakı Politexnik Məktəbinin Elektro-mexanika (!) şöbəsi, Azərbaycan Dövlət Universitetinin yarımçıq buraxdığı tibb, bitirdiyi tarix fakültələri kimi “anti”-ədəbi təmayüllərdə təhsillər alan bu “qaçahaqaç” ömür sahibi ədəbiyyat zirvəsinə qalxmış, sənət-incəsənət kamına yetmiş.

nəhayət, qədərsiz milli-mədəni yükə tab gətirəmməyib, ürək iflicindən dünyasını dəyişmiş... 

BALAŞ (“Sevil”dən):

- Gör günlərə qaldın, öz cəzandır, çək, Balaş...

SƏS: - Çox çətinliklərlə bərpa edilmiş müstəqilliyimizin bəzi hazıranazir “ərən”lərisə, bu müəllifi təftiş etmədə. Devirici sovetlərin ədəbi-bədii səhifələrinə on dörd il imza atmağa məcbur olmuş bu qələm şəhidimizin iyirmiüçaylıq devrilmişimizə can-baş xidmətləri, sonralarkı həbsi, alçaq “dopros”-sorğulardan uca başla çıxması, daimi-dramatik “göz”lər, eyhami sözlər altında olması, mənəvi-fiziksəl işgəncələr çəkməsi barədəsə, ya “lirikal”casına susur, ya da, bunların üstündən unikalcasına yayınırlar.

RƏSULZADƏ: - “Od gəlini”ni Cəfər “ÇeKa” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar...

Mənzərənin rəmziliyi göz qabağındadır tamaşaçılar üçün “ərəb”, “islam” sözləri yerinə “rus”, “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir...

Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir”.

SƏS: - Ərz etməli ki, 1980-nin sonlarınadək “formaca milli, məzmunca sosialist” adlandırılan ədəbiyyatımızın ələm-qələmli illəri boyunca “Azərbaycan sovet dramaturgiyasının banisi” kimi təqdim edilsə , hamı – az-para ayıq fəhlə-kəndlilərimizdən tutmuş bütün milli aydınlarımızadək – bu “Aydın” prototipli ədib, əsasən, “Oqtay Eloğlu” kimi xatırlanıb-urvatlanmış. Bu xalq, qatı sovet ədəbiyyatşünasları tərəfindən, daha çox, “Almaz”lığa alınıb, “Dönüş”lüyə döndərilib, “1905-ci ildə”liyə bulaşdırılmış bu universal sənətkar oğlunun daim bu millətin “solğun çiçəklər”inə yanımlı olduğunun, Səriyyələrinə vəfalı qaldığının fərqinə varmış.

YUBİLYAR: - ...Əgər haqqımda yazılanlar doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram

SƏS: - Təkrarçılıq olmasın, indilər – milli istiqlal davasında fikrən belə iştirak etmədən yavalaşan ağızların, həlləm-qəlləm qələmigöyçəklərin çoxusunu “sovetizmə yarınma” qrifi ilə “dəyər”ləndirdiyi o pyeslər bu xalqın təkrarsız dialoqlar, heyrətamiz leksikon, ibrətamiz əxlaq, ədəbi-xarakterial dür-düşüncələr sənət-səltənəti nümunələri!...

Fikir-zikr baxımından mədəniyyətimizin hər sahəsində, konkret reallıqca isə uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən bu fenomen o çağlar yenicə inkişafa başlayan kino sənətilə də çox ciddi maraqlanmış. Tarixə ilk milli kinossenarist kimi düşən bu professional səhnə-sənət mücahidi Azərbaycan qadınının fəal ictimai-mədəni həyata cəlbi naminə “Sevil” filmindəki baş rola azərbaycanlı qız axtarışı üçün Bakı küçələrini, idarələri, ali məktəbləri qapı-qapı gəzmiş və nəhayət, Azərbaycan Dövlət NeftKimya İnstitutunun tələbəsi İzzət Orucovanı tapmış...

SONA xanım: - ...Son illərində Cəfər, səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta bağa, yaylağa da gəlməyə vaxt tapmır, gələndə də ancaq işləməkçün, yazmaqçün gəlirdi”.

SƏS: - “Yaylaq”, “kurort” terminləri ardınca bu... həm də bənzərsiz Ata və Ərin bağda ikən “ekspromt” söyləməsi:

Ay Sonası, çaay gətir mənimçün,

Qələndərəm – paay gətir mənimçün,

Kənd yeridir, qəndi çox işlətmərəm,

İstəyirsən, saay gətir mənimçün...

 

3-cü PƏRDƏ

(1934-cü “şəkil”)

 

Müşfiq:

- Öldü! Xəbər verin aşnaya, dosta,

Ruhlar mühəndisi – o böyük usta!..

Öldü – Balaşları öldürən əsgər,

Öldü – Gülüşləri güldürən əsgər!...

SƏS: - Bu “öldü” nidaları ardınca, bir qərinədə əsrlər yaşamı qazanmış bu ədəbi şəhidimizin “Od gəlini”ndəki son epizodu xatırlayın. Elxanın dilindən səslənən məlum “Yoxdur!” hayqırtısı tilsiminə düşən Aqşinin “Doğrudanmı, yoxdur Allah?!” ritorikasını deyirəm...

Yəni bu sənətkarın həyat və yaradıcılığıyla tanışlıqdan bəri mən də həmin tərəddüd-istixarə halətindəyəm; – Cəfər Cabbarlı doğrudanmı ölüb?!...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.6.