İl bitər, musiqi bitməz...

 

 

 

Üç gündən sonra vidalaşacağımız 2019-cu il Azərbaycan musiqi mədəniyyəti tarixində yaddaqalan səhifələrdən oldu. Əlamətdar musiqi hadisələri, rəngarəng tədbirlər, müsabiqələr, festivallar, dünyaca məşhur musiqiçilərin Bakı səhnəsində çıxışları, ustad dərsləri və s.

Həm balet sənətimiz, həm də rəssamlıq sənətimizi bir araya gətirərək möhtəşəm bayram əhvalı yaradan, ilin yaddaqalan musiqi hadisələrindən biri aprel ayında reallaşdı. 11-12 apreldə Heydər Əliyev Sarayında Rusiyanın Bakıdakı səfirliyi və “Kreml baleti” teatrının təşəbbüsü ilə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illik yubiley tədbirləri çərçivəsində SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olundu. Tamaşa Fransanın məşhur “Mezzo” musiqi telekanalı tərəfindən də lentə alındı.

Bu il dövlət başçısının sərəncamları ilə Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan bir sıra görkəmli sənətkarların yubileyləri yüksək səviyyədə qeyd olundu.

Ustadlar ustadı Seyid Şuşinskinin 130 (29 may), görkəmli bəstəkar, SSRİ Xalq artisti Soltan Hacıbəyovun (26 sentyabr), ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun (29 oktyabr), görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin (16 dekabr) 100 illik yubiley gecələri təşkil olundu. Həmçinin tanınmış rəqqasə, Xalq artisti Roza Cəlilova (17 may) ilə Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun (31 may) 90 illiyinə həsr olunmuş yubiley gecələri musiqisevərlərə unudulmaz anlar yaşatmaqla yanaşı, musiqi mədəniyyətimizin məşhur simalarının irsinə ehtiramın ifadəsi oldu.

25-28 oktyabr tarixində Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı isə bütün yaş kateqoriyaları üzrə bəstəkarları bir araya gətirdi.

 

Festivallar

 

Ənənəvi olaraq Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Rostropoviç Festivalı 22-27 aprel tarixində klassik musiqi həvəskarlarını öz ətrafına cəm edə bildi.

Festivalda yerli musiqiçilərlə yanaşı, Rusiya, İsveçrə, Almaniya, İspaniya, ABŞ-dan dünya şöhrətli musiqiçilər və kollektivlər çıxış etdilər.

25-28 iyulda Bakıda “JARA” Beynəlxalq Musiqi Festivalı dördüncü dəfə gerçəkləşdi. Musiqi bayramında Rusiya və Azərbaycandan 200-dən artıq tanınmış ifaçı səhnəyə çıxdı.

İyulun 31-dən avqustun 5-dək Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Gilan Holdinq”in dəstəyi ilə XI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirildi. Ənənəvi musiqi bayramında Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, orkestrlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirdi.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixində təşkil olunan Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı da maraqlı təqdimatlarla yadda qaldı. Builki festivalda ölkəmizlə yanaşı, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, UkraynaGürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı ilə bir-birindən maraqlı 40-a yaxın konsert təqdim edildi. Festival proqramının ilk dəfə olaraq Fransanın “Mezzo” televiziya kanalında yayımlanması bu musiqi tədbirinə beynəlxalq səviyyədə marağın göstəricisi idi.

2019-cu il həm də Azərbaycanın vokal musiqisi tarixinə əlamətdar səhifə kimi yazıldı. 17-24 dekabrda Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında ölkəmizdə ilk dəfə Vokalçılar festivalı keçirildi.

 

Qastrol səfərləri

 

Başa çatan ildə musiqi kollektivlərimizin xarici ölkələrə qastrol səfərləri gerçəkləşdi, eyni zamanda müxtəlif respublikalardan ansambllar Azərbaycan səhnəsində çıxış etdi. Azərbaycan və Rusiya Mədəniyyət nazirliklərinin birgə təşəbbüsü ilə oktyabrın 11-də Heydər Əliyev Sarayında məşhur  “Beryozka” Akademik Rəqs Ansamblının konserti oldu.

Oktyabrın 21-26-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Moskva forumu” XVI Beynəlxalq Müasir Musiqi Festivalında tarzən, Əməkdar artist Sahib Paşazadə görkəmli bəstəkar, Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri ilə çıxış etdi. 29 oktyabrda isə Fərəc Qarayevin layihəsi əsasında Moskva Dövlət Konservatoriyasının S.Raxmaninov zalında Azərbaycan musiqiçilərinin iştirakı (Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin heyəti və solist Fəridə Məmmədova) ilə konsert keçirildi.

 

“Nəsimi ili”nə töhfə

 

2019-cu il ölkəmizin ədəbiyyat və mədəniyyət salnaməsinə həm də “Nəsimi ili” kimi yazıldı. “Nəsimi ili”nə gözəl töhfələrdən biri Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusufun “Şur” muğamının ladları üzərində ərsəyə gətirdiyi “Sığmazam” kompozisiyası oldu. Məşhur kompozisiya ilk dəfə Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı möhtəşəm mədəni proqram çərçivəsində təqdim edildi. “YouTube” kanalında və sosial şəbəkələrdə qısa zamanda populyarlaşan kompozisiya Nəsimi poeziyasının qüdrətini və Azərbaycan musiqisinin ecazkarlığını nümayiş etdirdi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.5.