Azərbaycan kitabı üçün uğurlu il

 

 

 

Son illər ölkəmizdə kitab və nəşriyyat-poliqrafiya sahəsində böyük uğurlar əldə olunub. Yüksək poliqrafik keyfiyyətlərə malik kitablarımız beynəlxalq müsabiqələrdə dəfələrlə uğur qazanıb. 2019-cu il də Azərbaycanın kitab və nəşriyyat işi sahəsində müxtəlif tədbirlərlə, layihələrlə yaddaşlara yazıldı.

İl ərzində Mədəniyyət Nazirliyi tərəfindən ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, yaradıcı şəxslərin həyat və yaradıcılığının ətraflı şəkildə öyrənilməsi məqsədilə ardıcıl olaraq incəsənət və ədəbiyyat xadimləri, mədəniyyət müəssisələri haqqında nəşr layihələri, dövlətin mədəniyyət siyasətinə uyğun müxtəlif mövzularda kitabların çapı davam etdirildi.

Məlum olduğu kimi, 2016-cı ildən Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi həyata keçirilir. Layihə çərçivəsində bu günə kimi 30-dan çox müəllifin 45-dən artıq adda kitabı nəşr edilərək türkiyəli oxuculara təqdim olunub.

Layihə üzrə Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı bu il dahi şairlərimiz Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərinin türk dilində nəşrini başa çatdırdı və İmadəddin Nəsiminin “İraq divanı” oxucuların ixtiyarına verildi. Bundan əlavə, nazirliyin dəstəyi ilə Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsəri, Xalq yazıçısı ElçininBaş” romanı, “Qırx beş (seçilmiş hekayələr)” kitabı, Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı”, Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” və s. kitablar işıq üzü gördü.

Mədəniyyət NazirliyiMilli Kitabxananın birgə reallaşdırdığı “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində bu il Nəsiminin müxtəlif ölkələrdən 30-a yaxın əlyazmasının surəti Azərbaycana gətirildi.

İlin ən yaddaqalan tədbirlərindən biri 27-29 sentyabr tarixində Bakı İdman Sarayında keçirilən və İmadəddin Nəsimiyə həsr edilən VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası oldu. Sərgi-yarmarkada 22 ölkədən 40 xarici və 81 yerli nəşriyyat-poliqrafiya müəssisəsi, aidiyyəti təşkilatlar özlərinin müxtəlif nəşr məhsullarını nümayiş etdirdilər.

Nazirliyin dəstəyi ilə bu il dördüncüsü keçirilən Buktreyler festivalı da maraqlı layihələrlə yadda qaldı.

Yola saldığımız ildə də Azərbaycan kitabları xarici ölkələrdə keçirilən nüfuzlu kitab sərgilərində təqdim olundu. 6-10 fevral tarixində XXVI Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında (Belarus), 1-4 apreldə 55-ci Beynəlxalq Bolonya Uşaq Kitab Sərgisində (İtaliya), 4-8 sentyabrda 32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, 16-20 oktyabrda 71-ci Beynəlxalq Frankfurt Kitab Sərgisi (Almaniya) və 2-10 noyabr tarixində İstanbulda keçirilən 38-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, eləcə də müasir inkişafını əks etdirən nəşr nümunələrimiz nümayiş etdirildi.

Bu il həmçinin MDB-nin XVI “Kitab sənəti” Beynəlxalq Müsabiqəsində N.Gəncəvinin “XosrovŞirin” poemasının nəfis tərtibatlı nəşri (“Şərq-Qərb” nəşriyyatı) Qran-pri mükafatına layiq görüldü. Bununla da ölkəmiz ilk dəfə bu müsabiqənin baş mükafatını qazanmış oldu.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.7.