Hər nağılı sözlə söyləməzlər, nağıla da hekayə deməzlər…

 

 

Az qala iki yüz ildir ki, dünyanın uşaqları Hans Xristian Andersenin qəhrəmanları ilə böyüyür, “Qar kraliçası”nın simasında soyuqqanlı insanları tanıyır, “Düyməcik”lə birlikdə qarşılıqlı sevginin vacibliyini anlayır, “Sehrli dibçək”lə şıltaqlığı necə tərgitməyin yollarını öyrənirlər. Hələ Andersenin nağılları əsasında çəkilən filmləri, səhnələşdirilən tamaşaları demirik… Azərbaycan teatrları da aradabir Andersenin əsərlərinə müraciət edirlər.

Yanvarın 26-da, məktəblilərin qış tətili ərəfəsində Azərbaycan Dövlət OperaBalet Teatrı “Dahi hekayəçi” baletini təqdim etdi. Frans Şubertin musiqisindən istifadə edərək Cəfər Ulduzun librettosu əsasında ərsəyə gəlmiş balet bizim teatrın öz məhsuludur. Tamaşanın baş qəhrəmanı heçAndersenin sevdirdiyi qəhrəmanlar yox, dahi nağılçının özüdür. Onun rastlaşdığı hadisələr, eşitdiyi əhvalatlar sonrakı əsərlərinin mövzusuna çevrilir.

Bəri başdan deyək ki, quruluşçu baletmeyster, Azərbaycanın Xalq artisti Kamilla Hüseynova ilə tamaşanın musiqi rəhbəri, dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovun bu baletin ərsəyə gəlməsində zəhməti böyükdür. Çünki tamaşa heç də hazır musiqi materialının əsasında qurulmayıb. Andersenin nağıllarını vahid süjet ətrafında birləşdirmək libretto müəllifindən nə qədər böyük təxəyyül tələb edirsə, sağlığında daha çox mahnı və fortepiano üçün əsərlər müəllifi kimi tanınmış, heç vaxt balet üçün musiqi yazmamış, rəqs melodiyası bəstələməmiş Frans Şubertin ayrı-ayrı əsərlərini vahid kompozisiya ardıcıllığı ilə həm orkestr üçün işləmək, həm də bu musiqini tam xoreoqrafik bəstə olaraq rəqs dili ilə çatdırmaq mükəmməl musiqi savadı, geniş fantaziya tələb edir.

Tamaşa Andersenin masa arxasında əyləşib əsər üzərində işlədiyi səhnə ilə başlayır. Bu zaman onu kral sarayında keçirilən ziyafətə dəvət edirlər. Saraya gedən yol şəhər meydanından keçdiyi üçün yazıçı bayram gəzintisinə çıxmış adamları yaradıcı insanlara xas diqqətlə müşahidə edir, müxtəlif əhvalatların şahidi olur. Bir başqasına adi görünən modabaz şəhərli ilə əyyaş kəndlinin sözləşməsi Andersenə “Kənd xoruzuflüger”, zadəgan qadının öz övladına laqeydliyi fonunda gülsatan qadının uşağa nəvazişi isə “Qar kraliçası” nağılları üçün ona ideya verir. Sevmədiyi zəngin adaxlısı ilə evlənmək istəmədiyi üçün toydan qaçıb canını qurtaran gəlin isə heç özü də bilmədən “Düyməcik” nağılının baş qəhrəmanının prototipinə çevrilir.

Tamaşa boyu heç nə nağılçının nəzərindən yayınmır. Kral sarayında da yazıçının müşahidələri davam edir. Çünki onun qəhrəmanları hər yerdə qarşısına çıxırlar. Kübar cəmiyyətdə dolaşan ərinin etinasızlığından sıxılan qadına ziyafətdə iştirak edən hərbçi diqqət yetirir, xanımı darıxmağa qoymur ki, bu əhvalat da Andersenə “Qalay əsgərcik, trollbalerina” nağılı üçün mövzu verir.

Librettoda istifadə edilmiş qalan iki nağıla mövzu olacaq əhvalatlarda isə Andersen şəxsən iştirak edir. Şıltaq şahzadə qıza tövbələtmə verir, kralın xeyirxahlığından sui-istifadə edən yaltaq əyanlardan fərqli olaraq ona həqiqəti çatdırır. Andersen yaradıcılığını sevənlər də bir-birini üzvi şəkildə tamamlayan bu əhvalatları hansı nağılda oxuduqlarını bildilər. Bəli, düz bildiniz. “Sehrli dibçək” və “Kralın yeni libası” nağıllarını deyirik.

Təbii ki, hər hansı əsərin ilk quruluşçusu, ilk ifaçısı olmaq nə qədər çətin olsa da, digər tərəfdən bir qədər də asandır. Çünki sənin verdiyin quruluş, ifa etdiyin partiya digəri ilə müqayisə edilməyəcək. Əslində, bu da bir qədər mübahisəli məsələdir. Çünki Andersenin nağıllarının balet tamaşası olaraq səhnə həllini biz görməmişiksə, bu, o demək deyil ki, hansısa teatrda bizim tamaşanın motivləri baletə mövzu olmayıb. Hər halda tamaşanın yaradıcı heyətinin, adını çəkdiyimiz şəxslərlə yanaşı, quruluşçu rəssam – Əməkdar mədəniyyət işçisi Tehran Babayevin də baxımlı tamaşanın ərsəyə gəlməsində əməyi çoxdur.

Tamaşanın proqramından bəlli olur ki, teatrın balet truppasının, demək olar ki, əsas yaradıcı qüvvəsi səhnə əsərində iştirak edir, həm də bütün solistlərin dublyoru var. Biz tamaşanı yalnız bir heyətin ifasında gördüyümüz üçün bu yazıda da onların ifasından aldığımız təəssüratı bölüşürük. Ümumilikdə truppanın böyük zəhmət çəkdiyi göz qabağındadır. İstər kütləvi səhnələrdə - şəhərdəki meydanda, kral sarayındakı ziyafətdə kordebaletin çıxışı, istərsə də əsərdəki duetsolo rəqslər məzmun və ifa baxımından mükəmməl işlənmişdi. Əməkdar artistlər Samir Səmədovun simasında gördüyümüz Nağılçı, Nigar İbrahimova (Balerina) ilə Makar Ferştandtın (Qalay əsgərcik) sevgi və zəriflik duyğusu ilə dolu dueti, Trollun (Əməkdar artist Fərid İbrahimov) bu idilliyanı pozması, eləcə də sevmədiyi adaxlının və onun anasının əlindən qurtulub əynindəki bəyaz gəlinliyi səhnədəcə soyunub mübarizə rəmzi qırmızı libasda solo partiyasını ifa edən Cəmilə Kərimovanın öz obrazına yüklədiyi etiraz, sevgi istəyi tamaşanın ən uğurlu səhnələrindən sayılmalıdır.

Şıltaq şahzadənin (Leyla Narimanidze) hikkəsini yeritmək istədiyi, Kənd xoruzu (Anar Mikayılov) və Flügerin (Timur Oduşev) dalaşdığı səhnələr emosional cəhətdən istənilən uşaq musiqili tamaşasının bəzəyinə çevrilə bildiyi halda, qeybəti, özünü əzizləməyi övladına qayğı göstərib onun tərbiyəsinə məşğul olmaqdan üstün bilən Qar kraliçasının (Ayan Eyvazova) “candərdi” analığı, Kayın (İslam Məmmədov) mehriban gülsatan Gerda (Dinara Şirinova) ilə ünsiyyəti istər xoreoqrafik məzmun, istərsə də ifaçıların öz obrazlarının daxili aləmini ifadə etmək baxımından məşhur balet tamaşalarından heçgeri qalmır.

Bu tamaşanın xəbəri yayılandan bəri bir məsələ bizi maraqlandırır. Niyə tamaşanın adı rus dilində Hans Xristian Andersenin bütün dünyada qəbul olunmuş imicinə uyğun – “Âåëèêèé ñêàçî÷íèê” olduğu halda, Azərbaycan türkcəsindəki qarşılığı olaraq «Dahi nağılçı» qoyulmayıb? Halbuki Andersen məhz nağılçıdır, hekayəçi yox. Digər tərəfdən, hekayəçi kəlməsinin özündə bir sünilik var. Bizcə, balet tamaşasının baş qəhrəmanı Andersenin halal haqqı əsərin ismində də öz əksini tapmalıdır.

Adla bağlı bu məqamı nəzərə almasaq, deyə bilərik ki, “Dahi hekayəçi”nin simasında Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı repertuarda möhkəmlənəcək, bütün yaş kateqoriyalı izləyicilərin həvəslə baxa biləcəkləri bir tamaşa qazanıb. Axı, biz böyüklər də uşaqlıq adlı bir “məmləkət”də böyümüşük.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.1;5.