Muğam televiziya müsabiqəsinin seçim turları yekunlaşır

 

 

 

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin bölgələr üzrə aparılan seçim turu başa çatıb.

Müsabiqənin münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov bildirib ki,  seçim turları Bərdə, Şəki, Gəncə və İsmayıllı rayonlarında təşkil olunub. Seçim turlarına 400-ə yaxın iştirakçı qatılıb. 4 bölgə üzrə 30 nəfər ikinci tura vəsiqə qazanıb. 8-11 fevral tarixində Bakıda seçim turu keçiriləcək.

Xalq artisti Mələkxanım Əyyubova ilk dəfə münsiflər heyətinin tərkibində seçim turlarını izlədiyini bildirib: “Bərdə, Şəki, Gəncə və İsmayıllıda baş tutan seçim turlarında ətraf rayon və şəhərlərin istedadlı gəncləri də iştirak edirdi. Səbir, təmkin və diqqətlə bütün iştirakçıları dinlədik. Seçim turları açıq və tam şəffaf şəkildə keçirildi. Muğam ifaçılığı göz qarşısında olan sənətdir. Hamı dinləyirdi və fikrini bildirirdi. Müsabiqə dövlətimizin adına layiqli bir tədbir, eyni zamanda bizlər üçün şərəfli bir və məsuliyyətdir”.

Qeyd edək ki Bakıda seçim turu Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və bununla müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi başa çatacaq. Müsabiqə ənənəvi olaraq mart ayında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və Novruz bayramı ərəfəsində başlayacaq.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.2.