Türkiyəli qonaqlar “O olmasın, bu olsun” tamaşasını maraqla izləyiblər

 

 

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, xanımı Meltem Özoral, səfirliyin əməkdaşları, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) idarə heyətinin sədri Cemal Yanqın və idarə heyətinin üzvləri Azərbaycan Dövlət Musiqili Teatrında olublar.

Qonaqlara Azərbaycanda peşəkar musiqili teatr sənətinin 1910-cu ildən başlanan tarixi, teatrın yaradıcılıq yolu, binası, ölkə başçısının sərəncamı ilə burada aparılan yenidənqurma işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə bağlı məlumat verilib.

Sonra qonaqlar teatrın səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını (quruluşçu rejissorXalq artisti Cənnət Səlimova) seyr ediblər. Onlar səhnə əsərindən çox böyük zövq aldıqlarını söyləyərək, belə yüksək səviyyədə hazırlanan tamaşaların təbliğ olunmasının, ümumiyyətlə, teatrı insanların həyat tərzinə çevirməyin vacibliyini vurğulayıblar.

Tamaşanın sonunda səfir Erkan Özoral və nümayəndə heyətinin üzvləri aktyorlarla görüşüb, yaradıcı kollektivə təşəkkürlərini bildirib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, səhnə əsərində əməkdar artistlər Əzizağa Əzizov, Novruz Qartal, Şövqi Hüseynov, Səidə Şərifəliyeva, Almaz Ələsgərova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Atəş Qarayev, Elməddin Dadaşov, Telli Hüseynova, Təranə Əliyeva, Fərid Rzayev, Əli Kərimov, Rüstəm Rüstəmov və başqaları çıxış edirlər.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.5.