Kitablarımız Minskdə beynəlxalq sərgi-yarmarkada

 

 

 

Fevralın 6-da Belarus paytaxtında XXVI Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb. Ənənəvi sərgidə ölkəmiz də təmsil olunur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə sərgi-yarmarkada milli stendimiz qurulub. Stenddə respublikamızın müasir inkişafı, tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı nəşrlər, bədii ədəbiyyat nümunələri, müxtəlif mövzularda kitablar sərgilənir. Milli stendimizi ziyarət edənlərə mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz, müasir ədəbiyyatımız haqqında geniş məlumat verilir, onlara jurnal, informasiya bukletləri paylanılır.

Sərgi-yarmarkanın açılış mərasimində Belarusun informasiya naziri Aleksandr Karlyukeviç, Rusiya Prezidentinin beynəlxalq və mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, digər rəsmilər iştirak ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan Azərbaycan stendini Belarus rəsmiləri, xarici ölkələrin diplomatları, habelə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov ziyarət edib.

Stenddə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in kitabları, respublikamızın müxtəlif nəşriyyatlarının çap məhsulları nümayiş olunur.

XXVI Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası fevralın 10-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.1.