Xatirəsi könüllərdə yaşayan və sevilən sənətkar

 

 

 

Görkəmli teatrkino aktyoru, Xalq artisti Muxtar Avşarov yaratdığı obrazlarla tamaşaçıların qəlbində silinməz iz qoyub. Keşməkeşli, eyni zamanda yaradıcılıq uğurları ilə zəngin ömür yaşamış sənətkarı dünyaya gəlişinin 105-ci ildönümündə yada salırıq...

Muxtar Həsən oğlu Avşarov 16 fevral 1914-cü ildə İrəvan şəhərində anadan olub. Uşaq ikən erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri qırğınların şahidi olur. Ailəsi qohum-əqrəbalarını itirir və Türkiyəyə pənah aparır. Bir müddət sonra geri dönür və Gəncə şəhərində məskunlaşırlar. Muxtar 1922-ci ildə Gəncə şəhərində dəmiryolçular məktəbində 1-ci sinfə gedir. Orta təhsilini başa vurduqdan sonra babasının təşəbbüsü ilə Bakıda peşə məktəbinə daxil olur.

Burada incəsənətə həvəsi yaranır. Asudə vaxtlarında Dəmiryolçuların Mədəniyyət evinə gedir. Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik edir. M.Avşarov ilk teatr təhsilini bu böyük sənətkardan alır. 1933-cü ildə peşə məktəbini bitirir və Gəncəyə qayıdır. Şəhərin parovoz deposunda maşinist köməkçisi kimi işə düzəlir. Eyni zamanda “Dəmiryolçular teatrı”nda aktyor olaraq fəaliyyətini davam etdirir, Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rollarda çıxış edir.

Muxtar Avşarov 1936-cı ildə Moskva şəhərinə  iki aylıq mədəni-maarif kursuna göndərilir. Kursu bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilir. Bir müddət sonra Gəncə Dövlət Dram Teatrına dəvət olunur. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxır. Sonralar Səməd VurğununVaqif”, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” tamaşalarında rol alır.

1941-ci ildə Böyük Vətən müharibəsi başlananda ictimai yerlərdə Gəncə şəhərinin adının dəyişdirilərək “Kirovabad” qoyulmasına və Gəncə teatrının   Lavrenti Beriyanın adını daşımasına etiraz etdiyinə görə həbs edilir. Beş il həbs cəzası çəkdikdən sonra azadlığa buraxılır, teatra qayıdır. Həmin vaxt Gəncə teatrında S.S.AxundovunEşqintiqam” əsərini tamaşaya qoyulur və əsas rol M.Avşarova tapşırılır. Tamaşanın sabahısı günü aktyor işdən azad olunur. Səbəb isə sadə idio, ictimaiyyət arasında olmamalıdır.

Bir müddət işsiz qalan M.Avşarov dəyirmanda fəhlə işləyir. Stalinin ölümündən (1953) sonra yenidən Gəncə teatrında fəaliyyətini davam etdirir. 1960-cı ildə  Əməkdar artist adına layiq görülür. Görkəmli sənətkar 1968-ci ildə Bakıya – Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunur və qısa müddətdə kollektivlə qaynayıb-qarışır.

Lakin M.Avşarovun taleyində filmlərdə çəkilmək də varmış. Xalqımız onu daha çox kino aktyoru kimi xatırlayacaqdı. Aktyorun kinoya gəlişində görkəmli rejissor Hüseyn Seyidzadənin xüsusi rolu olmuşdu. Sənətkar bu barədə xatirələrində yazır: “Hüseyn Seyidzadə ilə olan tanışlığım 1932-ci illərə təsadüf edir. Bilet növbəsinə dayanarkən tanış olmuşduq... 1960-cı il idi, Gəncə teatrında çalışırdım. Bir gün mənə dedilər ki, səni Bakıdan gələn Hüseyn Seyidzadə soruşur. Getdim, xoş-beşdən sonra rejissor mənə dedi ki, səni “Yenilməz batalyonfilminin sınaq çəkilişlərinə çağırmışam. Məni “uryadnik” və bandit rolunda yoxladı. Sonra məlum oldu ki, bandit roluna təsdiq olunmuşam...”.

M.Avşarov çəkildiyi filmlərdə kaskadyor işlərinin öhdəsindən də məharətlə gəlib. Aktyor “Dəli Kürfilminin çəkilişlərini belə xatırlayıb: “Filmdə çətin tryuklar var idi. Bunun üçünMoskvadan kaskadyorlar dəvət olunmuşdu. Gününə 50 rubl verilirdi. Bir gün rejissora dedim: “Hüseyn, qadan alım, mən kəndli balasıyam. At sürməyi çox  gözəl bacardığım üçün kaskadyorun işini də yerinə yetirə bilərəm. Necə olur ki, mənim günümə 25 rubl verirsən. Ancaq kaskadyorun gününə – bir dəfə atdan hoppanmağına 50 rubl verirsən. Bir halda ki, bacarıram, onda kaskadyorun işini mən görə bilərəm!” Cavabında belə dedi: “Mən aktyora kaskadyor işini gördürə bilmərəm. Axı bunun yıxılmağı da var. Yıxılıb zədələnsən, sənin öz işini kim görəcək”. Beləcə, imkan vermədi. Ancaq mən də özümə görə olmamışam. Çəkiliş vaxtı fasilə elan olundu. Hüseyn Seyidzadə dincəlməyə getdi. Bundan istifadə edərək mənimlə çəkilən tərəf-müqabillərimin yanına gəldim. Dedim ki, bəs, mən atımı minib çapacağam. Sizo zaman Hüseyn Seyidzadəyə xəbər verin. Operatora da əvvəlcədən xəbərdarlıq etdim ki, atla edəcəyim tryuku çəkər və mənə verərsən... Mən atı sürətlə çapmağa başladım. Hüseyn Seyidzadəyə yaxınlaşan zaman atı yıxdım. Özümondan bir neçə metr aralı tullanaraq tüfəngi əlimə aldım. Bunu görən rejissor bərk hirsləndi və “pəhləvanlıq edirsən” dedi. Rejissorun mənə acığı tutsa da, məndən incisə də, həmin səhnə lentə alındı. Vaxt gəldi, çəkiliş başa çatdı. Film Moskvaya aparıldı. Ancaq film qəbul edilmədi. Filmin finalının dəyişdirilməsi tapşırıldı. H.Seyidzadə geri qayıdan kimi dedi ki, sən mənə lazımsan. Məlum oldu ki, həmin lentə aldığımız səhnə ilə maraqlanır. Bir sözlə, həmin səhnə “Dəli Kürfilminin final səhnəsinin yerinə calaq edildi. Guya ki, mən atəş açmaqla Cahandarı öldürürəm. Təbii ki, Cahandarın ölüm səhnəsi ayrıca olaraq çəkildi”.

M.Avşarov qırxillik kino fəaliyyəti dövründə həmçinin “Sevil”, “Ulduzlar sönmür”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Birisigün, gecəyarısı”, “Atları yəhərlərin”, “Qəm pəncərəsi”, “Kişi sözü”, “İşarəni dənizdən gözləyin”, “Qətl günü” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradıb.

Ömrünün ahıl çağlarında aktyorun yolu yenidən teatrdan düşür. 1992-ci ildə Xalq artisti Amaliya Pənahova sənətkarı Bakı Bələdiyyə Teatrına dəvət edir. Teatrda işlədiyi müddətdə o, N.Nərimanovun “Nadir şah”, C.Cabbarlının “Dönüş” və bir çox tamaşalarda maraqlı obrazlar yaradır. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində “Sönməyən ulduzlar” teatrı fəaliyyətə başlayır və rejissor Məmmədkamal Kazımov M.Avşarovu həmin teatra dəvət edir. Aktyor burada da obrazlara səhnə həyatı verir.

M.Avşarov 2002-ci ildə Xalq artisti adına və Prezidentin fərdi təqaüdünə layiq görülüb. Tanınmış teatrkino xadimi 6 dekabr 2004-cü ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.1;6.